ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Azərbaycan Ədəbiyyat Fondu 2 ildən artıqdır ki, Güney Azərbaycan Poeziyası və Prozası Antologiyası layihələrini icra etməkdədir. Bu müddət ərzində Arazın o tayında yazıb-yaradan yüzlərlə soydaşımızın yaradıcılığı barədə məlumat və yaradıcılığından nümunələr çoxminli oxucu auditoriyasına təqdim edilmişdir. Məqsəd güneyli soydaşlarımızın yaradıcılığına stimul vermək, bu yaradıcılığı həm də beynəlxalq platformalarda təbliğ etməkdir.
Layihənin koordinatoru: Əli Çağla, Təbriz
Növbəti təqdim edilələn yazar Təbrizdən Əmin Əhəryardır. Onun “Bu dənizlər hər bir kəsin hədiyyəsi” şeiri Güney poeziyasına xas xarakterik xüsusiyyətləri özündə əks etdirir: abstraksiya, alleqoriyalarla xalqın özgürlük duyğularının hüdudsuzluğunu əks etdirmək.
Əmin Əhəryar
Təbriz
“Bu dənizlər hər bir kəsin hədiyyəsi”
Mən bir gün,
Dənizlərdən keçid verib
Balıqlara
Göyə uçmaq öyrədəcəyəm.
Uca, hündür o dağlara
Kəmər atıb
Qartalları
Sahillərə çəkəcəyəm.
Mənsə bir gün şəhərlərə
Qırmızı gül səpəcəyəm.
Qarğaları uzaqlara…
Gözdən itən
Çöllüklərə
Satacağam.
Qumlu-qumlu sahillərə
Əli açıq
Göylü şəkər.
Mavi bir quş dəvət edib
Rahat yaşam qatacağam…
Deyim bu gün
Bu dənizlər hər bir kəsin hədiyyəsi…
“Ədəbiyyat və incəsənət”
(16.10.2025)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.