AZ

ZƏFƏR gündəliyi

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

Düşmənin silah və sursatı qənimət götürülüb

Gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnika üzrə itki verərək geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborun şəxsi heyəti ilə birlikdə məhv edilib. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar olub. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da olub. Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir neçə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

Tərtər şəhəri yenidən atəşə tutulub

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutub.

Düşmənə məxsus 4 PUA məhv edilib

Saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA hava hücumundan müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib.

Saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. PUA-dan ikisi cəbhənin Füzuli istiqamətində, biri isə Tərtər istiqamətində vurulub.

Prezident xalqa növbəti müjdəli xəbərlər verib

Prezident İlham Əliyev rəsmi "X" səhifəsində xalqa ard-arda müjdəli xəbərlər verib.

Prezidentin ilk paylaşımında qeyd edilib: "Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Ali Baş Komandanın növbəti paylaşımında isə qeyd edilib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

İlham ƏLİYEV: "Status-kvo, təmas xətti mövcud deyil"

Prezident İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verib. Dövlət başçısı vurğulayıb ki, artıq vəziyyət dəyişib. Status-kvo, təmas xətti mövcud deyil. Ona görə də indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır: "Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına görə bu mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik".

Prezident həmçinin deyib ki, Ermənistanın "cəsur ordusu" haqqında bütün miflər sadəcə bir növ feyk idi. Çünki bu gün həmin ordu Azərbaycanın igid oğulları qarşısında tab gətirməyərək geri qaçır: "Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik".

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
116
azerbaijan-news.az

1Mənbələr