AZ

"Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qarşılıqlı etimada əsaslanır" - Deputat

"Müasir beynəlxalq münasibətlər sistemində xalqlar arasında tarixi, mədəni və mənəvi əlaqələrə əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Qazaxıstan arasında formalaşmış çoxşaxəli əlaqələr məhz bu dəyərlər üzərində qurulub".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi iki dövlət arasındakı münasibətlərin hazırkı inkişaf mərhələsini, gələcək perspektivlərini və strateji əməkdaşlığın real məzmununu nümayiş etdirir:

"Dövlətlərarası münasibətlər bu gün yüksək etimad, qarşılıqlı hörmət və strateji əməkdaşlıq amili ilə xarakterizə olunur. Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Son üç il ərzində dövlətimizin başçısının Qazaxıstana yeddi səfəri, eləcə də Prezident Kasım-Jomart Tokayevin Azərbaycana altı dəfə səfəri əlaqələrin intensivliyini bir daha nümayiş etdirir.

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi iki xalq arasındakı qardaşlıq münasibətlərinin parlaq təzahürüdür.

2024-cü ildə Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın ilk iclası iki ölkə arasındakı əməkdaşlıq mexanizmlərinə yeni impuls verib. Astanada keçiriləcək növbəti iclas qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi, iqtisadi və humanitar əlaqələrin yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət kəsb edir. Bu format vasitəsilə hər iki dövlət yalnız ikitərəfli münasibətləri deyil, həm də regional və beynəlxalq müstəvidə koordinasiyalı fəaliyyət imkanlarını genişləndirir. Azərbaycan və Qazaxıstan çoxtərəfli formatlarda — xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq qlobal arenada qarşılıqlı dəstək, sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin ifadəsidir. Hər iki ölkə türk dünyasının birliyi ideyasına sadiqliyini nümayiş etdirir və regional inteqrasiyanın dərinləşməsinə töhfə verir.

Dövlətlərarası iqtisadi-ticari münasibətlər son illərdə sürətli inkişaf mərhələsindədir.

Türkiyə, Azərbaycan və Qazaxıstan arasında imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” Orta Dəhlizin inkişafında strateji dönüş nöqtəsidir. Bu sənəd üç ölkənin nəqliyyat və logistika sistemlərinin sinxron inkişafını, əlavə yük axınının cəlb edilməsini və vahid tarif siyasətinin formalaşdırılmasını təmin edir. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin tikintisi layihəsi rəqəmsal inteqrasiyanın əsas dayaqlarından biridir. Layihənin 2026-cı ilin sonuna qədər başa çatdırılması regionun rəqəmsal təhlükəsizliyinə, informasiya mübadiləsinin sürətlənməsinə və müasir texnoloji əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan–Qazaxıstan münasibətlərinin bu günkü vəziyyətini, həm də gələcək istiqamətlərini aydın şəkildə göstərir. Yaxın münasibətlər qarşılıqlı etimad, tarixi dostluq və ortaq dəyərlər üzərində qurulmuş, regionda sabitlik və inkişafın təmin edilməsinə yönəlmiş nümunəvi əməkdaşlıq modelidir.

Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq türk dünyasının inteqrasiyasına, Avrasiya regionunda nəqliyyat, enerji və rəqəmsal layihələrin reallaşmasına güclü stimul verir. Bu əməkdaşlıq modeli həm ikitərəfli, həm də qlobal miqyasda sülh, sabitlik və rifahın möhkəmlənməsinə xidmət edən dərin siyasi və iqtisadi sinerjinin bariz nümunəsidir". 

Seçilən
40
50
unikal.az

10Mənbələr