Jurnalist Lüük Makgi hesab edir ki, Budapeşt sammiti Kreml üçün təbliğat zəfərinə çevriləcək...
Poliqon xəbər verir ki, TIME jurnalının yazarı Lüük Makqi ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşünü Rusiyanın növbəti diplomatik uğuru kimi qiymətləndirib. Onun sözlərinə görə, bu sammit Rusiya liderinə həm NATO, həm də Avropa İttifaqı ərazisinə daxil olmağa imkan verəcək. Halbuki Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, o, nəzəri cəhətdən orada həbs olunmalıdır.
Makqi qeyd edir ki, NATO ölkəsində ABŞ prezidentinin yanında dayanacaq Putinin görüntüsü Kreml tərəfindən təbliğat məqsədilə istifadə ediləcək və bu, “Putinin Trampı bir daha aldatdığının” göstəricisinə çevriləcək.
Jurnalist yazır ki, Trampın müharibəni bitirmək istəyi səmimi görünür, lakin o, həm də Nobel sülh mükafatını qazanmaq arzusunu gizlətmir. Bununla belə, əgər Ukraynadakı müharibə elə nəticələnərsə ki, ölkənin gələcəyi böyük ölçüdə Rusiyanın əlində qalacaq, Trampın sülh mükafatına layiq görülməsi “rüsvayçılıq” kimi qəbul olunacaq.
Makqi Putini “barmaq istəsə, qolu dişləyən” siyasətçi kimi xarakterizə edib. O, xatırladıb ki, Obama administrasiyası Suriyada tərəddüd etdikdə Putin fürsətdən istifadə edərək Bəşər Əsədə dəstək verib, Qərbin 2014-cü ildə Krımın ilhaqına cavab verməməsi isə Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalına zəmin yaradıb.
TIME yazır ki, Putinin Trampla növbəti görüşə nail olması artıq özlüyündə diplomatik uğurdur. Trampın Ukraynaya “Tomahawk” raketlərinin verilməsindən imtina etməsi və “Putin düşüncə tərzinə” qayıtması da Moskva üçün ciddi üstünlük sayılır.
Makqi yazısında Okkam ülgücü prinsipinə istinad edərək qeyd edir: ən sadə izah çox vaxt doğru olur. Əgər Tramp Putini mükafatlandırmaqda, Kiyevi isə cəzalandırmaqda davam etsə, bu, Putini Ukraynada daha da aqressiv addımlar atmağa və Qərbi sınağa çəkməyə sövq edəcək.
Poliqon.info
 
                        