Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. 1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.