Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, layihə çərçivəsində könüllülər “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasından, “Araz” supermarketlər şəbəkəsinin Statistika filialından, "Bravo" supermarketlər şəbəkəsinin Koroğlu hipermarketindən, “Rahat” supermarketlər şəbəkəsinin Yeni Günəşli filialından ümumilikdə 73 kiloqram işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.
Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması və xüsusi şəraitdə zərərsizləşdirilməsi, həmçinin cəmiyyətdə ekoloji məsuliyyətin artırılması, tullantıların düzgün idarə olunması barədə maarifləndirmənin gücləndirilməsidir.