“Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə dava-dalaş saldılar”.
AFN.az xəbər verir ki, bu fikirləri “Teleqraf”a bir neçə gün öncə yaşadığı evdə meyiti tapılan 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov bildirib.
Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılan məlumatlar həqiqəti əks etdirmir:
“Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla, oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik və qız toyu könüllü, qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nikah da bağlamışdılar. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı”.
Murad Bayramov bildirib ki, faciənin əsası qız toyundan sonra baş verən hadisələrlə qoyulub:
“Qız toyundan sonra Elnur ata-anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxlarının geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də gərginlik davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi”.
M. Bayramov əlavə edib ki, kürəkəni Elnur və onun valideynləri yas mərasiminə gəlsələr də, o, buna icazə verməyib və onları evdən uzaqlaşdırıb.