AZ

Dünyanın ən çirkli havasına malik şəhərləri açıqlanıb

Reytinqin lideri yenə Hindistanın paytaxtı Yeni Dehli olub...

Poliqon xəbər verir ki, İsveçrənin IQAir şirkətinin açıqladığı son qlobal hava keyfiyyəti reytinqinə görə, Hindistanın paytaxtı Delli yenidən dünyanın ən çirkli havasına malik şəhəri seçilib. Hindustan Times nəşrinin məlumatına görə, 21 oktyabr 2025-ci il tarixində şəhərdə hava keyfiyyətinin indeksi (AQI) 350-yə çatıb ki, bu da “çox pis” kateqoriyasına daxildir və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi norma ilə müqayisədə 3,5 dəfə artıqdır.

Reytinqin ilk onluğuna daha bir neçə Hindistan və Pakistan şəhəri daxil olub. İlk beşlikdə Delli ilə yanaşı, Lahor (Pakistan, 2-ci yer), Kəraçi (Pakistan, 4-cü yer), Mumbay (Hindistan, 5-ci yer) və Kolkata (Hindistan, 8-ci yer) yer alıb. Siyahıya həmçinin Pekin, Şanxay, Qvadalaxara, Ravalpindi və Çennay kimi iri sənaye şəhərləri də daxildir. Bu şəhərlərdə havanın çirklənməsi əsasən sənaye tullantıları, sıx avtomobil axını, kömür yandırılması və bayramlarda geniş şəkildə istifadə edilən fişənglər səbəbindən baş verir.

Xüsusilə vəziyyət Hindistanın məşhur işıqlar festivalı Divali dövründə daha da ağırlaşır. Bu müddətdə fişənglərin kütləvi istifadəsi havada PM2.5 hissəciklərinin miqdarını kəskin şəkildə artırır, nəticədə havanın keyfiyyəti təhlükəli həddə düşür. Hindistan Ali Məhkəməsinin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, bir çox sakinlər qaydaları pozaraq pirotexniki vasitələrdən istifadəni davam etdirirlər.

Ekspertlər bildirirlər ki, bu vəziyyət ciddi sağlamlıq problemlərinə yol açır. Şəhər əhalisi nəfəs almaqda çətinlik, xroniki öskürək, gözlərin qıcıqlanması və astmanın kəskinləşməsi kimi simptomlardan şikayətlənir. Ən çox təsirə məruz qalanlar uşaqlar, yaşlılar və xroniki xəstələrdir. Uzunmüddətli təsirlər isə ürək-damar və tənəffüs sistemi xəstəliklərinin artmasına səbəb ola bilər.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr