AZ

“XIX əsr İrəvan mətbəxi”

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakıda “Xanədan” etno-restoranında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan mətbəxi” adlı qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hazırlanmış eyniadlı kitabın təqdimat mərasimi keçirilib. 20 Oktyabr – Beynəlxalq Kulinariya Gününə həsr olunan mərasimdə alim, mütəxəssis, tələbə və ictimai xadimlər iştirak ediblər.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanovanın tərtib etdikləri “XIX əsr İrəvan mətbəxi” kitabı Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşmış milli kulinariya irsimizin öyrənilib yaşadılmasına xidmət edir. Əsər, eyni zamanda, ermənilərin özününküləşdirməyə çalışdıqları Azərbaycan mətbəx nümunələrinin xalqımıza məxsusluğunu elmi əsaslarla sübuta yetirir.

208 səhifəlik nəşr 85 mənbəyə istinadla, 1884-cü ildə İrəvanda doğulmuş, 1913–1922-ci illərdə orada yemək və şirniyyat dükanı işlətmiş usta Əliqulu Zeynalovun əlyazması əsasında hazırlanıb. Kitabda 97 adda xörək, şirniyyat və içki növünün hazırlanma qaydaları, fotoşəkilləri, miniatür və rəsmləri təqdim olunur. Eyni zamanda, əsərdə dövlət poçt markaları, etnoqrafik təsvirlər və mətbəx mədəniyyətinə dair elmi izahlar yer alır.

Təqdimatda Əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru Tahir Əmiraslanov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun tarixi etnologiya şöbəsinin müdiri, tarix elmləri doktoru İlhamə Məmmədova, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, dosent Cəbi Bəhramov, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə, QHT rəhbərləri Xanoğlan Əhmədov, İradə Rzazadə, Rauf Zeyni, eləcə də təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər.

Mərasimdə Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyası nəzdində fəaliyyət göstərən aşpazlıq və qənnadıçılıq kurslarının müdavimlərinin, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdlərinin hazırladıqları İrəvan mətbəxinə aid xörəklər və şirniyyatlar sərgilənib. Fəal iştirakçılar sertifikatlarla təltif olunublar. Sonda iştirakçılara kitablar hədiyyə edilib.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
xalqqazeti.az

4Mənbələr