BAKI, 22 oktyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio və İraq Baş naziri Məhəmməd Sudani İraqda iki ölkə arasında ticarət sazişlərini yekunlaşdırmaq səylərini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib.
“Danışıqlar zamanı dövlət katibi baş naziri İraq-Türkiyə boru kəməri vasitəsilə neft ixracının bərpası münasibətilə təbrik edib. Bu, həm İraq, həm Türkiyə, həm də Amerika şirkətlərinə fayda verəcək. Dövlət katibi həmçinin vurğulayıb ki, İranın dəstəklədiyi silahlı qruplaşmaların dərhal tərksilah edilməsi vacibdir, çünki onlar İraqın suverenliyini pozur, amerikalılar və iraqlıların həyatı və biznesinə təhdid yaradır, eləcə də İraqın resurslarını İranın xeyrinə mənimsəyirlər”, - o deyib.
Marko Rubio İraqın suverenliyinin qorunması və regional sabitliyin möhkəmləndirilməsinin ABŞ üçün vacib olduğunu qeyd edib.