AZ

Azər Həsrət: "Vəzifəli şəxslər hərəkətlərində ehtiyatlı olmalı, davranış qaydalarını pozmamalıdırlar"

Sərxoş dövlət qulluqçusunu soyan şəxs məhkəməyə çəkilib


Bakıda spirtli içki qəbul etdikdən sonra Fəvvarələr meydanında oturacaqda yatan Maliyyə Nazirliyinin mühasibi Ənvər Talıbovun (ad-soyad şərtidir) başına iş gəlib. “Teleqraf.az” xəbər verir ki, onun yatmasından istifadə edən 1988-ci il təvəllüdlü Kamran Qasımov (ad-soyad şərtidir) mühasibin cibindən 3000 manat dəyərində olan “iPhone 14 Pro Max” markalı telefonu, şalvarın sağ arxa cibində yerləşən pul kisəsindən isə 100 manat pulunu gizli olaraq talayıb. Ötən ilin iyulun 14-də baş verən oğurluq hadisəsinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb. Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, səhər saat 6 radələrində telefonu yerdən götürüb. O, pul qabında yalnız sənədlərin olduğunu, pulun isə olmadığını bildirib. Kamran Qasımov oğurladığı telefonu 300 manata satdığını bildirib. Zərərçəkmiş şəxs qismində ifadə verən nazirliyin mühasibi isə telefonunda məxfi sənədlərin olduğunu, bunu itirdiyi üçün işdən töhmət aldığını bildirib. O, dəymiş ziyanın ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olub. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi üzrə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Bu hadisə bir qədər gülməlidirsə də, bir o qədər də təəssüf doğurur. Sərxoşluq cəmiyyət üçün mənfi hal hesab edilir. Sərxoş insan hərəkətlərində hədd-hüdud tanımır. Beyin dumanlıdır, ona görə. Yoldan keçənə sataşa da bilər, söyüş söyər, kimisə təhqir edər. Yatıb qalar skamyada, birisi də cəld tərpənib onun cibini soya bilər. Yadıma, məşhur “Həmişə təmizlikdə və ya taleyin istehzası” filmi düşdü. Filmin qəhrəmanı həkim – cərrahdır. Yeni il gecəsi dostlarıyla o qədər içirlər ki, Leninqrada (hazırda Sankt-Peterburq) uçmalı olan dostunun əvəzinə onu təyyarəyə mindirirlər. Filmdə belə bir epizod var; içkinin təsirindən nəhayət ayılmış adam soyuqda dona-dona “az içmək lazımdır” sözlərini dönö-dönə təkrarlayır. Bəli, içki düşkünü olmaq, sərxoşluq utancvericidir. İnsanın başına olmazın işlər gələ bilər. Maliyyə Nazirliyində çalışan şəxs də içkinin qurbanı olub. Töhmət alıb, reputasiyası aşağı düşüb. Deyə bilərlər, insandır, kim səhv etmir ki?!. Doğrudur, hamımız bəşər övladıyıq. Amma dövlət qulluqçusunun, məmurun dövlət və cəmiyyət qarşısında məsuliyyəti sıravi vətəndaşdan daha yüksək olmalı deyilmi?  

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında qeyd etdi ki, istənilən məmur, o cümlədən dövlət qulluqçusu işində də, cəmiyyət içində də, ailə daxilində də davranışlarında diqqətli olmalıdır: 
- Dövlət qulluğu üstünlükdür, imtiyazdır, fərqləndirilmədir, seçilməlidir. Dövlət qulluqçusu olan şəxs də davranışlarında bunu nəzərə almalı, digərlərinə örnək olmalıdır. İstər şəxsi həyatda, istər iş yerində, vəzifə başında, istərsə də ictimai həyatda. Çünki bu cür şəxslər daim diqqət mərkəzində olurlar. Və diqqət mərkəzində olmağı sevirlər, bununla öyünürlər. Belədirsə, gərək hərəkətlərinə, davranışlarına, həyat tərzinə də diqqətli yanaşsınlar, tutduğu vəzifəyə, daşıdığı məsuliyyətə xələl gətirəcək hərəkətlərə yol verməsinlər. 

A.Həsrət qeyd etdi ki, müvafiq qurum da bu hadisə ilə bağlı tədbir görməli idi: 
- Ola bilər, iddia olunsun ki, vəzifəli şəxsin bu davranışı işdən kənar vaxtda qeydə alınıb. Amma bu, o şəxsin günahsızlığına dəlalət etmir. Dediyim kimi, vəzifəli şəxslər davranışlarında, hərəkətlərində ehtiyatlı olmalı, etik davranış qaydalarını pozmamalıdırlar. Hər bir dövlət qulluqçusu davranışı ilə örnək olmalıdır. Bu cür hallarda həmin əməkdaşlarla bağlı uyğun tədbir görülməlidir. Əgər məsələ ictimailəşibsə, həmin şəxsin hansı cəzaya layiq görüldüyü, hansı addım atıldığı barədə ictimaiyyətə də açıqlama verilməlidir. Konkret dövlət qurumlarında belə hallarla bağlı daxili qayda-qanuna uyğun müəyyən tədbir görülür, amma ictimailəşdirilmir, gizli saxlanılır. Hesab edirəm ki, ictimailəşdirilməsi daha yaxşı olardı, başqalarına da görk olsun, vəzifə məsuliyyətinə daha ciddi şəkildə yanaşılsın deyə. 
Seçilən
16
1
sherg.az

2Mənbələr