AZ

Maaşlarla bağlı qərarın verilməsinə az qaldı - Nə qədər vergi çıxılacaq?

2026-cı ildən etibarən dövlət sektorunda çalışan şəxslərin əməkhaqqısından yenidən vergi tutulacaq. Bu verginin dərəcəsi 19.5 faiz təşkil edəcək. Bu dəyişikliyin əsas səbəbi isə 2019-cu ildən tətbiq olunan 7 illik vergi güzəştinin müddətinin başa çatmasıdır. Həmçinin 2026-cı ildə bu vergi növü üzrə dövlət büdcəsinə əvvəlki illərlə müqayisədə təxminən 30 faiz daha çox vəsaitin daxil olacağı proqnozlaşdırılır.

Əmək bazarında geniş yayılmış təcrübəyə əsasən, bir çox hallarda əmək haqqı məbləği işçiyə vergi və digər ödənişlər çıxdıqdan sonra veriləcək "təmiz" maaş əsasında razılaşdırılır.

Mütəxəssislərin fikrincə, bu dəyişiklik işəgötürənlər üçün əlavə maliyyə yükü yaradacaq. Əgər vergi artımı işəgötürən tərəfindən qarşılanmasa, onun işçinin üzərinə buraxılması əmək haqqının azalmasına səbəb ola bilər.

Bəs konkret olaraq maaşdan nə qədər tutulacaq? Əmək haqları azalma ilə üzləşəcəkmi?

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, əgər mövcud güzəştin müddəti uzadılmazsa, bu zaman vergi və digər tutulmalar nəticəsində işçinin əmək haqqısından 2026-cı ilin yanvar ayından etibarən əlavə olaraq 7 faiz daha çox kəsinti ediləcək:

"Hal-hazırda əmək haqqından 10 faiz pensiya fonduna, 2 faiz icbari tibbi sığortaya, 0.5 faiz isə işsizlik fonduna ödənilir. Yəni, ümumi tutulmalar 12.5 faiz təşkil edir. Güzəştin bitməsi ilə pensiya fonduna ödənişlər 10 faizdən 3 faizə endiriləcək. Lakin əvəzində gəlir vergisi 14 faiz olacaq. Tibbi sığorta və işsizlik fonduna edilən ödənişlərdə isə dəyişiklik gözlənilmir. Beləliklə, əvvəl 12.5 faiz olan ümumi tutulmalar 2026-cı ildən 19.5 faizə yüksələcək".

Ekspert əlavə edib ki, hal-hazırda neft-qaz sektorunda fəaliyyəti olmayan və qeyri-dövlət müəssisələrində çalışanların maaşlarından məcburi dövlət sosial sığorta haqqı maaşın 200 manata qədər olan hissəsi üçün 3 faiz, 200 manatdan yuxarı hissəsi üçün isə 10 faiz olaraq tutulur. Əgər əmək haqqı 2500 manatdan çox olarsa, bu zaman güzəşt tətbiq edilmədən həmin məbləğin 2500 manatadək olan hissəsinə 14 faiz, 2500 manatdan yuxarı olan hissəsinə isə 25 faiz vergi hesablanır.

Seçilən
101
day.az

1Mənbələr