Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamda həmçinin deyilir:
2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur.
Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.