Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kiyev, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-dən 22-nə keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumu həyata keçirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kiyevdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb. Çoxkombinasiyalı hava hücumu zamanı əvvəlcə ballistik raketlərdən, sonra zərbə dronlarından və müxtəlif tipli raketlərdən istifadə olunub.
Bu hücumların əsas hədəfi enerji və strateji infrastruktur olub. Hava hücumu zamanı yaşayış binalarında da dağıntılar qeydə alınıb. Budəfəki hava hücumundan da, əsasən, mülki infrastruktur ziyan görüb. Kiyev şəhəri və vilayətində azı 5 mülki şəxs həlak olub, 20-dən çox insan xəsarət alıb. Ölənlərdən 2-si, xəsarət alanlardan 5-i uşaqdır.
Ukraynanın Energetika Nazirliyinin açıqlamasına görə, hava zərbələri nəticəsində Kiyevin və ölkənin digər bölgələrinin enerji infrastrukturları sıradan çıxıb. Kiyev şəhəri və vilayətində, o cümlədən Dnepropetrovsk vilayətində enerjinin verilişində fasilələr yaranıb.
AZƏRTAC hadisə yerindən video və foto reportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.