Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, RİNN Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və DİN Baş Dövlət Yol Polisi İdarəsinin, eləcə də daşıyıcı şirkətlərin və nəqliyyat müəssisələrinin nümayəndələri iştirak ediblər.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev nəqliyyat vasitələrində, xüsusilə sərnişin daşımalarında yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışıb. Bildirib ki, ictimai nəqliyyat vasitələrində baş verə biləcək yanğın hadisələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və bu sahədə daşıyıcı şirkətlər tərəfindən profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir.
Daha sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Natiq Dadaşov və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Mübariz Ağayev tərəfindən sözügedən sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda daşıyıcılara nəqliyyatda, o cümlədən avtomobil parkları və qarajlarda yanğın təhlükəsizliyi qaydaları barədə metodiki tövsiyələr çatdırılıb.