AZ

Almaniyalı qonaq: Qısa müddətdə belə sürətli irəliləyiş doğrudan da heyrətamizdir

XANKƏNDİ, 22 oktyabr. TELEQRAF

"Bu, mənim Azərbaycana ikinci səfərimdir, lakin Qarabağa ilk dəfə gəlirəm".

Teleqraf xəbər verir ki, bu sözləri almaniyalı səyyah Feliks Hanspaç Beynəlxalq səyahətçilərin Qarabağa səfəri zamanı jurnalistlərə deyib.

“Burada baş verən inkişaf məni çox təsirləndirdi. Qısa müddətdə bu qədər sürətli irəliləyişin əldə olunması doğrudan da heyrətamizdir. Qarabağa ilk dəfə gəlirəm, bəzi yerlərdə dağıntıların izlərini görmək mümkündür, amma çox diqqətlə baxmaq lazımdır, ümumilikdə isə müasir şəhər kimi görünür,” – o bildirib.

Feliks əlavə edib ki, Qarabağda həyata keçirilən yenidənqurma prosesi regionu inkişaf edən və dirçələn bir məkana çevirib.

O, Qarabağda fəaliyyət göstərən universitetə də baş çəkdiyini vurğulayıb: “Universitetdə tələbələrin inkişafı və tərəqqisi üçün hər cür şərait yaradılıb. Burada təhsil prosesi çox yaxşı təşkil olunub”.

“Qarabağda üç ilə görülən inkişaf Bakıda 20 ilə baş vermişdi” - bu sözləri isə Belçikadan gələn Patrik Vasselis bildirib.

O, ailəsinin 200 illik biznes tarixinə malik olduğunu və Azərbaycanla uzun illərdir əlaqələrinin davam etdiyini qeyd edib:

“Biz ailəlikcə səyahət etməyi çox sevirik. Artıq üç nəsildir — valideynlərim, övladlarım, həyat yoldaşım və mən — Azərbaycanı ziyarət edirik. Bu, ölkənə altıncı səfərimdir.”

Vasselis bildirib ki, ilk dəfə Azərbaycana 1994-cü ildə gəlib və o dövrdən bəri ölkədəki sürətli inkişaf onu heyran edib:

“1994-cü ildə Bakıya ilk dəfə gələndə ölkə tamam fərqli idi. 2005-ci ilə qədər Bakıda gördüyüm inkişafı indi Qarabağda cəmi üç ilə müşahidə edirəm. 2021-ci ildə azadlıqdan dərhal sonra burada olmuşam, hər şey dağılmışdı”.

Belçikalı qonaq Azərbaycanın ərazi bütövlüyünə hər zaman inandığını deyib: “Mən həmişə düşünürdüm ki, Qarabağ bir gün Azərbaycana qayıdacaq. Çünki beynəlxalq ictimaiyyət bu ərazinin Azərbaycanın bir hissəsi olduğunu tanıyırdı. Siz sadəcə öz haqqınızı bərpa etdiniz.”

Səfər planları barədə danışarkən Vasselis Qarabağı yenidən ziyarət etmək istədiyini bildirib: “Niyə olmasın? Dörd il əvvəl burada idim. İnfrastruktur tam başa çatdıqdan sonra bura turizm üçün tam açıq olacaq. Mən də o vaxt yenidən gəlmək istəyirəm”.

Seçilən
52
teleqraf.com

1Mənbələr