Baş nazir Robert Fico, Slovakiyanın tələbləri yerinə yetirilərsə, qarşıdakı Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləyə biləcəyini açıqlayıb.
O, sabahkı sammitdən əvvəl Almaniya kansleri Fridrix Merzlə görüşəcəyini açıqlayıb. Danışıqlar bu axşam baş tutacaq. Baş nazir daha əvvəl bildirmişdi ki, Aİ avtomobil sənayesinin maraqlarını nəzərə almasa, Slovakiya 19-cu sanksiya paketini bloklayacaq. İndi o, bu tələbin qarşıdan gələn sammitin sənədlərinə artıq daxil edildiyini açıqlayıb: “Mən bu axşam bunu bir daha müzakirə edəcəyəm və yəqin ki, kansler Merzlə razılaşdığımızı deyəcəyəm” – Robert Fico bildirib.
O, 2035-ci ildən daxili yanma mühərrikli avtomobillərin satışının qadağan edilməsi ilə bağlı Aİ ilə danışıqların kompromislə nəticələnəcəyini gözləyir.
//Samir Qurbanov, Editor.az