Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 6-cı tura start verilib.
"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə MOİK “Baku Sportinq”i, “Şimal” “Difai”ni qəbul edib. “Hərbçilər” doğma divarlar” arasındakı görüşdə iddialı rəqibini büdrədə bilməyib. Autsayderlərin duelində - "Şimal" - "Difai" matçında isə qonaqlar böyükhesablı qələbə qazanıb. Ağsu təmsilçisi bu sayədə sonuncu pillədən xilas olub.
Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. “Cəbrayıl” – “Şahdağ Qusar” görüşü meydan sahibləri üçün xüsusi əhəmiyyət daşıyacaq. Əlbəttə, bir gün əvvəlki “Şimal” – “Difai” oyununun nəticəsindən də çox şey asılıdı. Ancaq yenə də Qarabağ təmsilçisinin qələbəyə ehtiyacı olduğu göz önündədi. Azı ona görə ki, növbəti sınaqlar üçün motivasiya mənbəyi lazımdı. Əks halda, “Cəbrayıl” üçün parlaq gələcək uzaq görünəcək. Qusarlılar isə ortabablar sırasındakı mövqeyini yaxşılaşdırmalıdı. Axı eyni xala malik “Zaqatala” bu tur “Mingəçevir”lə qarşılaşacaq. Bu görüşün favoritinin çempionluğa iddialı olan “nur şəhəri”nin təmsilçisi olduğunu nəzərə alsaq, “Şahdağ Qusar”ın qələbəsi daha böyük əhəmiyyət daşıyacaq. O başqa məsələ ki, “Zaqatala”nın asanlıqla “ağ bayraq qaldıracağını” proqnozlaşdırmaq sadəlövhlük olar.
Növbə çatdı turun mərkəzi matçına – çempionluğa iddialı komandaların duelinə! Heç şübhəsiz, paytaxtın iki təmsilçisinin – “Şəfa” ilə “Səbail”in oyunu maraqla gözlənilir. Onlar həm də mövsümün məğlubedilməzləridi. Düzdü, bəlkə bu matç da həmin uğurlu seriyanın pozulmamasıyla nəticələnəcək. Ancaq belə hesab yalnız “Şəfa”ya sərf edəcək. Çünki “Şimal”la heç-heçə edən “dənizçilər” liderin önünə yalnız qələbə qazanmaq üçün çıxmalıdı. “Sülh”ün sevinməsi üçün yetərli olacağı “Şəfa”nın isə müdafiə olunmağa üstünlük verəcəyi gözlənilmir. Meydan sahibləri həm uğurlu seriyanı davam etdirməyə, həm də bu çempionatda rəqib tanımadığını sübuta yetirməyə çalışacaq. Elə “dənizçilər” də sözün əsl mənasında dəridən-qabıqdan çıxacaq. Odu ki, bu qarşılaşmanın yetərincə baxımlı keçəcəyinə inanmağa dəyər!
22 oktyabr
MOİK – Baku Sportinq 0:0
Binə, qəsəbə stadionu. Saat 14.00.
Şimal – Difai 1:4
Ceyhun Kəlbəliyev, 3 - Kristian Kamta, 18-p.; 37. Musa Musazadə, 55. Hacıəli Şirəliyev, 77
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
23 oktyabr
Cəbrayıl – Şahdağ Qusar
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Zaqatala – Mingəçevir
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Şəfa – Səbail
Binə, qəsəbə stadionu. Saat 14.00.
Xal durumu: Şəfa – 15, Səbail – 13, Mingəçevir – 10, Baku Sportinq – 9, Şahdağ Qusar, Zaqatala – 7, MOİK – 5, Cəbrayıl – 3, Difai – 4, Şimal – 2.
Bombardir: Seyxan Fərəcov (MOİK) – 5.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
 
                        