AZ

Ağa Əlizadənin dövründə İslam dini məscidlə yanaşı, cəmiyyətin mədəni mənəvi həyatında da yer tuturdu

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Bu gün — Qafqaz müsəlmanlarının VIII, Azərbaycan Cümhuriyyətinin ilk şeyxülislamı Ağa Cavad oğlu Əlizadənin doğum günüdür. Ağa Cavad oğlu Əlizadənin əsl adı Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə olub. O 1871 –ci ildə oktyabrın 22-də Bakının Pirşağı kəndində doğulub. Ağa Əlizadə əvvəlcə dini təhsilini Bağdad universitetində alıb, sonra isə təhsilini Nəcəf şəhərindəki Ali Dini Universitetdə davam etdirib. 1918-ci ildə Dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Axund Ağa Əlizadə Şeyxülislam təyin edilib. Ağa Əlizadə Qafqaz müsəlmanlarının VIII şüyxülislamı olub.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ağa Əlizadə həm Qafqaz Müsəlmanlarının VIII, həm də Azərbaycan Cümhuriyyətinin ilk şeyxülislamı kimi tariximizdə xüsusi yer tutur: “Ağa Əlizadə dini biliklə bərabər, milli düşüncəni də daşıyırdı. Onun dövründə İslam yalnız məscid divarları arasında deyil, həm də cəmiyyətin mədəni və mənəvi həyatında mühüm rol oynayırdı. Ağa Əlizadənin fəaliyyəti göstərirdi ki, İslam elmə, mədəniyyətə, milli azadlığa qarşı deyil, əksinə bu dəyərlərin qorunmasında ən böyük mənəvi dayaqlardan biridir”.

“Qeyd edim ki, şeyxülislamlıq müəyyən müddətlik bir vəzifə kimi nəzərdə tutulmasa da, o dövrdə bu, çox vaxt ictimai sabitlik, dövlətlə xalq arasındakı münasibətlər və dini həyatın ahənginə görə davam edirdi. Yəni bir növ “ömürlük mənəvi məsuliyyət” sayılırdı. Ağa Əlizadənin də bu vəzifədə olması təsadüfi deyildi. Ağa Əlizadənin elmi savadı, xalq içində nüfuzu, həmçinin dövrün mürəkkəb siyasi şəraitində ağıllı mövqeyi onu həmin missiyaya layiq etmişdi. Biz tarixdə yalnız siyasi xadimləri deyil, həm də mənəvi sütunları yad etməliyik. Ağa Əlizadə kimi insanlar milli kimliyimizin və dini irsimizin bir parçasıdır. Onların fəaliyyəti bizə həm dini, həm də milli düşüncədə vəhdətin mümkünlüyünü göstərir”-deyə ilahiyyatçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
icma.az

1Mənbələr