AZ

"Mahir Emrelinin yazdıqlarını ciddiyə almıram" - "Kayzerslautern" baş məşqçisi

BAKI, 22 oktyabr. TELEQRAF

Almaniyanın "Kayzerslautern" klubunun baş məşqçisi Torsten Liberkneht azərbaycanlı futbolçu Mahir Emrelinin komandadakı durumu barədə danışıb.

Teleqraf “Sky Sport”a istinadən xəbər verir ki, alman mütəxəssis 28 yaşlı hücumçunun son 6 oyunda iştirak ərizəsinə salınmamasının səbəbini açıqlayıb.

"Rəhbərliklə birgə Mahirlə görüşmüşük. Artıq mənim üçün hər şey aydındır. Gələcəkdə baş verə biləcək hadisələr Mahirin özündən asılıdır. O, artıq hərəkətə keçməlidir. Mənim üçün məşqlərdə və oyunlarda olanlar daha vacibdir. Digər baş verən hadisələrlə maraqlanmıram. Mətbuatda Mahirin sosial şəbəkədə yazdığı statusa görə əsəbləşdiyim deyilir. Məni tanıyan hər kəs bilir ki, sosial şəbəkələrdə yazılanları ciddiyə almıram. Mahirin Azərbaycan millisinin heyətində Fransa və Ukraynaya qarşı keçirdiyi oyunları da izləmişəm. O, yenidən şans qazana bilər. Lakin hər şey onun özündən asılıdır. Heyətə qayıtması üçün daha çox çalışmalıdır”, - deyə Liberkneht söyləyib.

Qeyd edək ki, Mahir Emreli yay transfer pəncərəsində azad agent statusunda “Kayzerslautern”ə keçib. O, bu komanda ilə iştirak etdiyi 4 oyunda 1 qol vurub.

Seçilən
70
2
teleqraf.com

3Mənbələr