AZ

Polşa Putini, təyyarəsini endirib həbs edə bilər...


Samir Hümbətov: “İnanmıram ki, belə bir vəziyyət yarana...”

Polşanın xarici işlər naziri Radoslav Tsikorski, Rusiya prezidenti Vladimir Putin Budapeştə gedərkən Polşa hava məkanından istifadə edəcəyi təqdirdə, onun təyyarəsinin məcburi eniş edə biləcəyi ehtimalını istisna etməyib.

Bu barədə “Yevropeyskaya Pravda” məlumat yayıb.

Tsikorski qeyd edib ki, “müstəqil məhkəmə Polşa hökumətini şübhəlinin Beynəlxalq Cinayət Məhkəməsinə çatdırmaq üçün Polşa hava məkanında olacaq Vladimir Putini daşıyan təyyarəni saxlamağa məcbur etməyəcəyinə” zəmanət verə bilməz.

Fevral ayından etibarən bütün Avropa İttifaqında Rusiya təyyarələrinə qoyulan qadağa qüvvədədir və bu, Putinin Macarıstana mümkün marşrutu ilə bağlı spekulyasiyalara səbəb olub. Tsikorski bu barədə sual verdikdə qeyd edib ki, Putin Rusiyadan Macarıstana, məsələn, Türkiyə, Monteneqro və Serbiyanın hava məkanı vasitəsilə də gedə bilər.

“Beynəlxalq Cinayət Məhkəməsi qarşısında hələ də öhdəlikləri olan Aİ-yə üzv dövlətin prezident Putini dəvət etməsi həm də onu göstərir ki, Macarıstan özünü Qərbin bir hissəsi kimi deyil, Qərblə Rusiya arasında bir məsələ kimi mövqeləndirir”, - polşalı nazir əlavə edib.

O xatırladıb ki, “Macarıstan Ukraynaya dəstəyi əngəlləməklə və digər mənbələrdən əldə etmək imkanlarına baxmayaraq, davamlı olaraq böyük həcmdə Rusiya nefti almaqla kömək etmir”.

“Yevropeyskiy Pravda”nın xəbərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə təxminən iki ay ərzində ilk dəfə danışıb və bundan sonra Budapeştdə görüş planlaşdırdıqlarını açıqlayıb – bu, Putinin genişmiqyaslı müharibədən sonra Aİ üzvü olan ölkənin paytaxtına ilk gəlişi olacaq.

Qeyd edilir ki, Aİ-nin baş diplomatı Kaya Kallas Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı Putinin Aİ ərazisində Trampla görüşməsi ehtimalını “xoşagəlməz” adlandırıb.

Polşanın diplomatik dairələri Kreml lideri Vladimir Putinin Budapeştdə ABŞ prezidenti ilə görüşmək üçün Polşa ərazisi üzərindən uçmasını çətin hesab edir.

Polşa istisnaetmir ki, Putinin təyyarəsini endirə bilər. Ola bilərmi ki, Putin Macarıstana Trampla görüşə getməkdən imtina etsin?

“Bu, Polşa üzərindən yox, Türkiyə üzərindən uçuşdur”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə bildirdi ki, əslində bu barədə bəyanat verilir, amma bu real olmaya da bilər. “Nəzərə alaq ki, Putin Trampla görüşə gedir və belə bir vəziyyətdə Polşanın Putinə qarşı belə bir addım atması Polşa-Rusiya müharibəsini qaçılmaz edə bilər. İndiki halda da düşünmürəm ki, Polşa birbaşa bu müharibəni istəyir və Rusiya ilə qarşıdurmaya gedir. Baxıram ki, heç hələ Rusiya da bunu istəmir. Putin gedib Trampla görüşə bilər. Digər tərəfdən, bu Polşa üzərindən yox, Türkiyə üzərindən uçuşdur. Türkiyənin üzərindən Aralıq dənizinə, ordan da Macarıstana keçəcək. Düşünürəm ki, belə olan halda Polşanın həmin təyyarəni vurması ehtimalı azdır. Düzdür, Putinin təyyarəsi Polşa ərazisinə girərsə xəbərdar edə, sonra da vura bilər. Amma inanmıram ki, belə bir vəziyyət yaransın”.

S.Hümbətov hesab edir ki, Polşa belə bir addım atarsa, bu böyük beynəlxalq qarşıdurma yaradar və üçüncü dünya müharibəsi rəsmən başlaya bilər. “Ona görə də, nə Rusiya bu vəziyyətin yaranmağını istər, nə də Polşa. Bəlkə Ukrayna istəyər. Nə mənada? Rusiyanın müharibəsi daha geniş areala yayılsın, bu da əslində diqqətləri Ukraynadan yayındırıb digər NATO ölkələrinə cəlb edəcək və Rusiyaya qarşı kollektiv addımların atılmasını tələb edəcək. Amma mən inanmıram ki, bu vəziyyətə gəlib çıxarlar”-deyə S.Hümmətov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
70
baki-xeber.com

1Mənbələr