ain.az, Azertag saytına istinadən bildirir.
London, 22 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer şahzadə Endryunun parlamentdə deputatların qarşısında ifadə verməsi ilə bağlı çağırışları dəstəklədiyini bəyan edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu mövzu onun Vindzordakı yaşayış şəraiti ilə bağlı yeni məlumatlardan sonra gündəmə gəlib. Məlumatlara görə, şahzadə 20 ildən artıq müddətdə 30 otaqlı “Royal Lodge” malikanəsində cüzi icarə haqqı ilə yaşayıb. Bu fakt ictimai narazılıq doğurub və onun malikanəni tərk etməsi üçün təzyiqləri artırıb.
Liberal Demokrat Partiyasının lideri Ed Deyvi Baş nazirdən bu məsələni araşdırmaq üçün xüsusi komitə təhqiqatını dəstəkləyib-dəstəkləməyəcəyini soruşub. Kir Starmer cavabında bildirib ki, bütün kral əmlakları ilə bağlı məsələlərdə lazımi nəzarət vacibdir və o, bunu tam şəkildə dəstəkləyir.
Xatırladaq ki, bu həftənin əvvəlində şahzadə Endryu cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Cefri Epsteyn ilə əlaqələrinin yenidən gündəmə gəlməsindən sonra kral titullarından imtina etdiyini açıqlayıb. Lakin onun “York hersoqu” titulunun rəsmi qaydada ləğv edilməsi üçün parlament tərəfindən ayrıca qanun qəbul edilməlidir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.