Qasım Hacıyev: “Kilsə Paşinyandan qisas almaq məqsədilə indi də memarları qızışdırıb ortaya salıb”
Ermənistan hökumətinin qərarı ilə qondarma “Erməni Soyqırımı Memorialı”nda aparılan təmir-bərpa işləri Qriqoryan kilsəsinin və revanşist qüvvələrin narazılığına səbəb olub.
İndiyə qədər bir neçə təşkilat, siyasilər hökumətə çağırış ediblər ki, həyata keçirdiyi saxtalaşdırma prosesini dayandırsın. Ermənistandakı bəzi kəsimlər iddia edirlər ki, Nikol Paşinyan hökuməti qondarma “erməni soyqırımı kompleksini” bərpa adı ilə əslində tamamilə məhv etmək istəyir.
Hazırda da Ermənistan Memarlar Palatası “Erməni Soyqırımı Memorialında” bərpa işlərinin dayandırılmasını tələb edib.
Ermənistan Memarlar Palatası bəyanat yayaraq, “Erməni Soyqırımı Memorialında” davam edən bərpa işlərinin dərhal dayandırılmasını və yeni peşəkar qrupun yaradılmasını tələb edib. Memarların bu prosesə qoşulması təsadüfi xarakter daşımır, heç şübhəsiz ki, onları buna məcbur edən qüvvələr var. Maraqlıdır, hansısa bir kilsədə, yaxud bir yerdə təmir-bərpa işləri başlanan kimi memarlar ayağa qalxır. Görünür, onlar buna vadar edilirlər.
Saxta soyqırım abidəsini “əzizləyən” bu bir qrup revanşçı bu məsələdən Paşinyana qarşı istifadə etməyə başlayıb. Bir məqamı da qeyd edək ki, son dövrlər bu ölkədə “soyqırımla” bağlı nə varsa hamısına qarşı hökumət tərəfindən fərqli yanaşma sərgilənir. Qondarma erməni qoyqırımı muzeyində, eləcə də saxta tarixi əks etdirən abidədə təmir-bərpa işləri aparılan kimi Paşinyanı istəməyən qüvvələr hərəkətə keçib hay-küy qaldırırlar ki, hökumət “tarixi silir, tarixi saxtalaşdırır”. Əslində, Paşinyan hökuməti bu qondarma nəsnələrə göstədiyi münasibətlə bu uydurma tarixi alt-üst edir. Paşinyan dəfələrlə deyib ki, bizə real Ermənistan lazımdır, real tarix gərəkdir.
Ermənistanda saxta genosid abidəsi ətrafında bu hay-küyü qaldıranların kilsə və revanşistlərin təsiri altında olduqlarını düşünmək olar?
“Erməni kilsəsi revanşist qüvvələrlə birləşib başqalarına da təsir göstərir ki, onlar da hökumətə qarşı çıxsın”
Tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, qondarma abidədə təmir işləri başlanan kimi memarların, mühəndislərin narazılıq etməsinin arxasında kilsənin və revanşist qüvvələrin dayandığı istisna deyil. Q.Hacıyevin fikrincə, qondarma erməni soyqırımına qoyulan abidənin saxta tarixi həddindən artıq tənqid olunur, bu barədə çoxlu sayda obyektiv münasibət bildirilir.
“Saxta bir hadisəyə qoyulmuş bu qondarma abidə ilə bağlı narazılıqlar günü-gündən artır. Bütün bunların fonunda onların bu “abidəni” bərpa etməsi, yenidən canlandırması, təbliğat aparması mənasız bir şeydir. Onun ətrafında yaradılan bu ajiotaj da gülünc görsənir. O saxta tikilinin ümumiyyətlə tamamilə dağıdılması lazımdır ki, ermənilər bu mifin əsirliyindən xilas olsunlar. Zəmanə dəyişir, yetkin hadisələr bir-birini əvəz edir. Amma saxta əsaslarda yazılan qondarma ideologiya nə qədər insanın məhvinə, nə qədər yerin-yurdun xaraba qalmasına səbəb oldu. Bu erməni təbliğatı nə vaxt sona çatacaq? Ermənilərin arxasında duran Sovet imperiyası da dağılıb getdi. Bunlar niyə revanşizmdən əl çəkmirlər? Tarixdə “erməni genosidi” adında hadisə olmayıb, belə bir fakt yoxdur. Bunu yalnız Azərbaycan və Türkiyə tarixçiləri demir, bunu deyənlər çoxdur. Ermənilər arxivləri də açıb sənədləri üzə çıxarmaq istəmir. Bütün bunlar və dünya alimlərinin də yazdıqları göstərir ki, bu genosid məsələsi saxtadır, uydurmadır.
Bu, 1965-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının göstərişi ilə “KQB”-nin yaratdığı bir avantüradır. Bu da artıq öz təsirini itirib, gerçək faktlar üzə çıxdıqca onun yalan olduğu da sübut olunub. Ehtiyac yoxdur ki, yenidən ermənilər bu yöndə təbliğatı gücləndirsinlər. Onlar bu “abidədə” “bərpa”, “təmir” işləri aparmaqla dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirlər.
Paşinyan hökumətinin ümumiyyətlə o “abidə”yə köklənməsi lazımsız bir şeydir. Orda nə etdiklərini bilmirəm, amma onlar bu məsələdən tamamilə imtina etməlidirlər. Ermənilər yazırlar ki, hökumət bu “abidəni” məhv etmək istəyir. Belədirsə, demək Paşinyan hökuməti reallığı dərk edir və başa düşür ki, saxtakarlıqla heç nəyə nail olmaq olmaz, real tarixdən yapışmaq lazımdır. Cənubi Qafqazda yeni reallıqların yarandığı, bölgəyə dayanıqlı sülh, əminamanlıq gəldiyi, Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşmaya doğru getdiyi bir vaxtda bu məsələlər tamamilə ləğv edilməlidir. Ermənistan inkişaf etmək istəyirsə Azərbaycanla və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır və qondarma iddialardan əl çəkməlidir. Bu onun xeyrinə olar. Yoxsa ədavət aparmaqla, saxta abidələri reklam etməklə əllərinə bir şey keçməyəcək. Ağrı dağının “boyunu nə qədər sevsələr” də bütün dünya dedi ki, Ağrı dağı nə sənin ərazində yerləşir, nə də sənin olub. Bunu heç olmasa başa düşsünlər. “Genosid abidəsinə” gəlincə, hamı bilir ki, bu saxtalaşdırılmış bir nəsnədir. Bütün tarixi faktlar, sənədlər bunu inkar edir. Amma ermənilər bundan bir siyasi alət kimi istifadə edir”.
Q.Hacıyev hesab edir ki, Ermənistanın daxilindəki bəzi qüvvələr bu amildən Paşinyana qarşı istifadə edir və prosesə də Qriqoryan kilsəsi başçılıq edir: “Seçki ərəfəsində bu məsələ ətrafında hay-küy yaradılması təsadüfi deyil. Erməni kilsəsi revanşist qüvvələrlə birləşib başqalarına da təsir göstərir ki, onlar da hökumətə qarşı çıxsın. Bütün bunların kökündə kilsə-hökumət münaqişəsi dayanır. Kilsə Paşinyanın 2026-cı ildə keçirilən seçkilərdə məğlub olması üçün onu nüfuzdan salmaq məqsədilə cəmiyyətdə geniş kampaniya aparır. Hazırda Ermənistanda bir neçə keşiş həbs olunub, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Kilsə Paşinyandan qisas almaq məqsədilə indi də memarları qızışdırıb ortaya salıb. Revanşistlər və kilsə çalışır ki, ölkədə qarışıqlıq olsun, Paşinyan hökuməti devrilsin və bunlar da saxtakarlıqları davam etdirsinlər. Bu həm də Ermənistanla Azərbaycan arasında yaranan mövcud sülh mühitinin əleyhinə çevrilib. Hesab edirəm ki, kilsə və revanşist qüvvələr bütün gücləri ilə sülhün baş tutmamasına çalışır”-deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA