HƏMAS silahı yerə qoymayana qədər İtaliya Fələstin Dövlətini tanımayacaq. Sülh planının məqsədlərinə çatmaq üçün HƏMAS keçid administrasiyasında və Fələstin Dövlətində heç bir rolunun olmayacağını qəbul etməli və tərksilah olmalıdır.
Publika.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Senatdakı çıxışında deyib.
"Bunlar həm də İtaliyanın Fələstin Dövlətini tanıması üçün zəruri ilkin şərtlərdir. Bu, ölkə parlamenti tərəfindən də bəyan edilib və hökumət şərtlər yerinə yetirildikdə hərəkətə keçməyə hazırdır. İtaliya bütün tərəfləri planın şərtlərinə hörmət etməyə və bu “sülh çırağı”nın təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Təbii ki, İtaliya üzərinə düşəni etməyə hazırdır", - deyə C.Meloni qeyd edib.
O, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdə imzalanan 20 bəndlik planın bölgə üçün müsbət bir inkişaf olduğunu bildirib.