“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyanın “Atletik” (Bilbao) klubuna qarşı keçirilən oyunu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında rəqibin qələbəsini təbrik edib və görüşlə bağlı fikirlərini bölüşüb:

“Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Cari mövsümdə əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun maraqlı alındı, ən azı, məğlub olmaq istəmirdik. Qarşılaşma ərzində bir neçə real imkanımız oldu. Futbolçularım sona qədər mübarizə apardılar. Dünən mətbuat konfransında qeyd etdiyim kimi, çox dinamik və sürətli komandaya qarşı oynadıq. Onlar tempi sona qədər qorudular, bu da bizim üçün asan deyildi. “Atletik” 2:1 öndə olanda risk etməyə başladıq və müdafiədə boşluqlar yarandı. Nəticədə üçüncü qolu buraxdıq. Əsas mərhələdə rəqiblər getdikcə daha da çətinləşir, məsuliyyət isə artır.”

Qeyd edək ki, görüş “Atletik”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.