Havana ABŞ-nin yaydığı məlumatları “böhtan və yalan kampaniyası” kimi qiymətləndirir...
Kuba xarici işlər naziri Bruno Rodriqes Parrilya ölkəsinin Ukrayna müharibəsində iştirak etdiyi barədə yayılan məlumatları “tamamilə yalan və böhtan xarakterli” adlandırıb.
Poliqon xəbər verir ki, Rodriqes bu barədə 22 oktyabrda keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, guya 20 minə qədər kubalının Ukrayna cəbhəsində döyüşdüyü barədə xəbərlər əsassızdır.
“ABŞ-nin Kubaya qarşı uzun illərdir davam edən siyasi və informasiya blokadasının tərkib hissəsidir”, deyə nazir qeyd edib.
Rodriqes vurğulayıb ki, bu cür “saxta məlumatlar” beynəlxalq ictimaiyyətin Kubaya münasibətini mənfi istiqamətə yönəltmək məqsədi daşıyır.
Bu, son bir ayda Kuba hökumətinin bu mövzuda ikinci rəsmi bəyanatıdır. 11 oktyabrda da Xarici İşlər Nazirliyi ABŞ hökumətinin “Kubanı Avropa münaqişəsinə cəlb etməkdə” ittiham etməsini qəti şəkildə təkzib etmişdi. O zaman Havana qeyd etmişdi ki, BMT Baş Assambleyasında ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi blokadanın ləğvi ilə bağlı səsvermədən əvvəl Vaşinqton bir sıra ölkələrə “təhdid dolu məktublar və yalan məlumatlar” göndərmişdi.
Bu arada, Rusiya hakimiyyəti Kubaya dəstəyini ifadə edib. 22 oktyabrda Rusiya Federasiya Şurasının senatorları ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi ticarət və maliyyə blokadasının dayandırılması ilə bağlı bəyanat qəbul ediblər. Şuranın beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bildirib ki, BMT-nin bu məsələ ilə bağlı növbəti qətnaməsi oktyabr ayında səsverməyə çıxarılacaq və Moskva beynəlxalq ictimaiyyəti bu təşəbbüsü dəstəkləməyə çağırır.
Poliqon.info