“Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin başqa maddələri üzrə yeni ittihamlar irəli sürülsə, bu halda o, yenidən məhkəməyə çıxarılaraq barəsində həbs qətimkan tədbiri seçilər bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında vəkil Emil Aslanov deyib.
O diqqətə çatdırıb ki, hansısa halların araşdırılması üçün istintaq müddətinin uzadılması tələb edilirsə, belə olan halda ev dustaqlığının uzadılması ilə bağlı qərar qəbul edilir: pizza
“Hazırda Ramiz Mehdiyev ev dustaqlığındadır və istintaq davam edir. Əgər hansısa halların araşdırılması üçün istintaq müddətinin uzadılmasına ehtiyac yaranarsa, ev dustaqlığının uzadılması ilə bağlı qərar qəbul edilir. Yəni hansısa istintaq hərəkətlərinin aparılmasına zərurət varsa və müddət bitirsə, bu halda istintaqın müddəti artırılır. Əgər ehtiyac olmasa, bu halda ittiham aktı tərtib ediləcək və iş məhkəməyə göndəriləcək. Onun ittiham olunduğu maddələr üzrə 12 ildən 20 ilədək yaxud ömürlük həbs cəzası nəzərdə tutulur. Əməldə cinayət tərkibi olmadıqda isə şəxsə bəraət verilir. Hansısa hallar sübuta yetirilmədikdə, şəxs bəraət ala bilər”.
E.Aslanov bildirib ki, Ramiz Mehdiyevlə bağlı yaş məsələsi yüngülləşdirici hal kimi nəzərə alına bilər:
“Təbii ki, yaş həddi nəzərə alınaraq, Ramiz Mehdiyev barəsində hazırda ev dustaqlığı qəti imkan tədbiri seçilib. Bu həbsə alternativdir və ona veriləcək hökmün müddətindən gedir. Çünki ev dustaqlığı həbsə alternativ qəti imkan tədbiridir. Ola bilsin ki, yaş məsələsi yüngülləşdirici hal qismində nəzərə alınsın. Əməldə də yüngülləşdirici hal olduqda, əgər ömürlük cəza verilmirsə, yüngülləşdirici hallarda cəzanın son həddinin 3/4-dən artıq cəza verilə bilməz”.
Hüquqşünas qeyd edib ki, ev dustaqlığı ilə bağlı qanunvericiliyin bir sıra şərtləri mövcuddur:
“Ev dustaqlığı qəti imkan tədbirinin özünün şərtləri var. Bununla bağlı qərarda məhkumun hansı müddətlərdə evdə olması, hansı işlərlə məşğul olmaması, hansı hərəkətlərin ona qadağan edilməsi öz əksini tapır. Təbii ki, bu şərtlər pozularsa, məhkumun ev dustaqlığı qəti imkan tədbiri ləğv edilib, həbs qəti imkan tədbiri ilə əvəz edilə bilər. Başqa maddələr üzrə yeni ittihamlar verilərsə, bu halda Ramiz Mehdiyev yenidən məhkəməyə çıxarılaraq, artıq həbslə bağlı qəti imkan tədbiri verilə bilər”.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Nazim Hacıyev
Telegram kanalımız