ABŞ lideri Qustavo Petronu narkotik istehsalında ittiham edib və sərt tədbirlər tətbiq edəcəyi ilə hədələyib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kolumbiya dövlət başçısı Qustavo Petronu növbəti dəfə narkotik istehsalında ittiham edib. O, jurnalistlərin suallarını cavablandırarkən Kolumbiya prezidentini “bandit, alçaq və öz ölkəsinə zərər vuran şəxs” adlandırıb.
“O, bandit və pis insandır. O, çoxlu miqdarda narkotik istehsal edir. Ölkəsinə böyük zərər vurub,” – deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton 22 oktyabr tarixindən etibarən Kolumbiyaya bütün maliyyə ödənişlərini dayandırıb. Tramp bəyan edib ki, Kolumbiya hökuməti “çox pis davranır” və ölkə koka istehsalı və narkotik ticarətinin əsas mərkəzinə çevrilib.
“Onların koka istehsal edən fabrikləri var. Onlar hər cür zəhərli maddə yetişdirirlər. Bu narkotiklər əsasən Meksika vasitəsilə ABŞ-a daxil olur. Petro buna nəzarət etməlidir, əks halda biz onun və ölkəsinin əleyhinə çox ciddi tədbirlər görəcəyik,” – deyə Tramp xəbərdarlıq edib.
Ekspertlər hesab edirlər ki, Tramp administrasiyasının bu bəyanatı ABŞ və Kolumbiya arasında diplomatik gərginliyi daha da artıracaq, xüsusilə də Vaşinqtonun Latın Amerikasında narkotik ticarətinə qarşı elan etdiyi yeni sərt siyasət fonunda.
Kolumbiya tərəfi hələlik ABŞ prezidentinin ittihamlarına cavab verməyib. Qeyd edək ki, Qustavo Petro daha əvvəl ABŞ-ın narkotiklərlə mübarizə strategiyasını “iflas etmiş və zərərli” adlandırmış, Vaşinqtonu Latın Amerikasına qarşı “neokolonial siyasət” yürütməkdə ittiham etmişdi.
Poliqon.info