Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi də Qələbəmizin əbədiləşdirilməsinə, torpaqlarımızın əzəli sahibinə qovuşduğu günləri unutmamağa və gələcək nəsillərə çatdırmağa xidmət edən mühüm addımlar sırasındadır. Şəhər günlərini xalqımız böyük qürur hissi ilə qeyd edir. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Ümumiyyətlə, 44 günlük İkinci Qarabağ müharibəsində hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. 25 oktyabr Qubadlı rayonunun işğaldan azad edildiyi gün olaraq tariximizin parlaq səhifələrindən biri kimi daim vərəqlənəcək.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdə yaşayan ermənilərin pulu ilə Qubadlı rayonunun Xanlıq kəndində başqa ölkələrdən gələn ermənilər üçün qəsəbə salınmışdı. Ermənistanın işğalı nəticəsində Qubadlı rayonundan 29997 nəfər keçmiş məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Keçmiş işğal dövründə Qubadlı rayonunda 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişında əhəmiyyətli dönüş nöqtəsi oldu. Bu baxımdan ki, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, strateji yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri nəzarətə götürüldü. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədi. Azərbaycan Ordusunun Qubadlı şəhərini, rayonun kəndlərini işğaldan tam azad etməsi nəticəsində Laçın və Şuşaya yol açıldı.
Millət vəkili bildirib ki, Qələbədən danışarkən, ilk növbədə, şəhidlərimizin xatirəsini yad etməliyik. Şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə qəhrəman şəhidlərimizlə fəxr edəcək. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcək. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.
Vüqar Rəhimzadə qeyd edib ki, artıq digər azad edilmiş ərazilərimiz kimi, Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin də müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri uğurla davam etdirilir. Son beş ildə görülən işlərin miqyası böyükdür. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci ilin 9 sentyabr tarixində “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər həyata keçirilir.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb. Qubadlı şəhərinin Baş planında rayonun təbiəti və tarixi keçmişi də nəzərə alınıb. Bərpa-quruculuq işləri gələcəkdə soydaşlarımızın bu torpaqlarda rahat yaşayışının təmin edilməsinin prioritet olduğunu bir daha təsdiqləyir.
5Mənbələr
- 
                                    
                                        sia.azQubadlının azad olunması müharibənin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu - Vüqar Rəhimzadə ( 22694893)
- 
                                    
                                        olaylar.azVüqar Rəhimzadə: Qubadlının azad olunması 44 günlük Vətənmüharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu ( 22690831)
- 
                                    
                                        sabahinfo.azVətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi ( 22690462)
- 
                                    
                                        demokrat.azVüqar Rəhimzadə: Qubadlının azad olunması 44 günlük Vətənmüharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu ( 22690363)
- 
                                    
                                        ikisahil.azVüqar Rəhimzadə: Qubadlının azad olunması 44 günlük Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu ( 22689667)
 
                        