AZ

Leandro Andrade “Atletik”in ÇL tarixində ən erkən qolu vurdu

UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində İspaniyada baş tutan III tur oyunu maraqlı statistik göstəricilərlə tarixə düşüb.

90deqiqe.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Bilbao şəhərində keçirilən qarşılaşmada “Atletik” “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edib.

Bu nəticə ilə “Atletik” klub tarixində ilk dəfə Çempionlar Liqasında hesabda geri düşdükdən sonra (0:1) oyunu uduzmamaqla fərqlənib.

Ağdam təmsilçisinin futbolçusu Leandro Andrade matçın cəmi 48-ci saniyəsində fərqlənərək “Atletik”in ÇL tarixində buraxdığı ən erkən qolun müəllifi olub. Kabo-verdeli yarımmüdafiəçi bu göstərici ilə 1998/1999 mövsümündə “Rusenborq”un oyunçusu Yan Sorensenin (1 dəq. 25 san.) rekordunu yeniləyib.

Qeyd edək ki, son 14 mövsümdə Çempionlar Liqasında ilk dəqiqədə qol vuran komandaların yalnız 4-ü matçı qələbə ilə başa vurub. “Atletik” isə bu göstərici ilə turnir tarixində matçın ilk dəqiqəsində qol buraxıb qalib gələn ilk ispan klubu olub.

Bundan başqa, Bilbao təmsilçisi bu görüşədək Çempionlar Liqasında uzaq məsafədən vurulan qola imza atmamışdı. Lakin “Qarabağ”la oyunda “Atletik”in bütün üç qolu uzaq məsafədən qeydə alındı. Belə bir uğura sonuncu dəfə 2023/2024 mövsümündə Niderlandın PSV klubu “Napoli”yə qarşı (6:2) nail olmuşdu.

Matçın qəhrəmanlarından biri olan Qorka Quruseta dubl edərək fərqlənib. O, qolları həm sağ, həm də sol ayağı ilə vurmaqla diqqət çəkib. Bu göstərici ilə Quruseta Lionel Messinin 2019-cu ildə “Barselona” formasında “Mançester Yunayted”ə qarşı göstərdiyi performansı təkrarlayıb.

Bununla da Quruseta avrokuboklarda bir matçda 2 və ya daha çox qol vuran 4-cü “Atletik”li futbolçu olub. Ondan öncə bu uğura Xose Luis Artetxe (1956), Merodio (1956) və İqnasiо Uribe (1957) nail olublar.

Seçilən
51
90deqiqe.az

1Mənbələr