Şəbəkə üzvləri bank və mağaza adından saxta səhifələr yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçiriblər.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bank kartlarından külli miqdarda pul vəsaitinin ələ keçirilməsi ilə bağlı “Telegram” üzərindən fəaliyyət göstərən fişinq şəbəkəsinin işi məhkəmədə araşdırılır.
İstintaq materiallarına görə, təqsirləndirilən şəxs 2024-cü ilin əvvəlindən “Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən “Underground Azerbaijan” və “Dark Money” adlı gizli qruplarda “CETOX”, “MOSSAD2X” və “Olimpus_Prime” profilləri ilə cinayət əlaqəsinə girib.
İttihama əsasən, qrup üzvləri “Instagram” və digər sosial platformalarda bir sıra bank və ticarət şəbəkələrinin adından saxta səhifələr yaradaraq, vətəndaşlara endirim, uduş və lotereya kampaniyaları adı altında fişinq linkləri göndəriblər. Bu səhifələrdə “Azər-Türk Bank”, “Leo Bank” və digər maliyyə qurumlarının, həmçinin müxtəlif mağaza şəbəkəsinin adı altında yalan elanlar yerləşdirilib. “Leo Bank” kartlarının “asan OTP sistemi” səbəbindən bu şəbəkədə daha çox istifadə olunduğu qeyd olunub.
Qrup üzvləri bildiriblər ki, belə kartlardan köçürmə zamanı SMS təsdiqi tələb olunmadığından əməliyyatlar sürətlə həyata keçirilə bilib.