AZ

Deputat: “Daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ötən gün mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır.

Belə ki, gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat olacaq.
2025-ci ildə isə bu məbləğ 285 manat olub.

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a açıqlamasında bildirib ki, yaşayış minimumu və ehtiyac meyarı mərhələli şəkildə artır. Deputat qeyd edib ki, proses artım dinamikasındadır:
“Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.

Eyni zamanda ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Hazırkı rəqəmlər son hədəf deyil. Məqsəd mərhələləri artımlarla daha böyük rəqəmlərə nail olmaqdır. Hədəf fiskal gəlirlərə uyğun olaraq, yaşayış minimumu, ehtiyac meyarı və digər sosial göstəriciləri daha da artırmaqdır. Bu istiqamətdə artımlar davam edəcək. Büdcə gəlirləri artdıqca yaşayış minimumu və digər sosial göstəricilərin artımını müşahidə edəcəyik. Proses davam olacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
106
musavat.com

1Mənbələr