AZ

Hepatit B ilə mübarizə: yeni testlə vaxtında müalicə mümkündür

Hepatit B-nin diaqnostikası üçün dünyada ilk sürətli test qeydə alınıb. Testin həssaslığı PCR (polimeraz zəncirvari reaksiya) metodu ilə müqayisə oluna bilər.

Ölkə.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un mətbuat xidməti məlumat yayıb.

“Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun alimləri hepatit B virusunu müəyyən etmək üçün dövri izotermik amplifikasiya (Loop mediated isothermal amplification, LAMP) əsasında hazırlanmış dünyanın ilk sürətli testini qeydiyyatdan keçiriblər. Yeni test PCR metodu qədər həssasdır, lakin virusun mövcudluğunu cəmi 25–30 dəqiqə ərzində aşkar etməyə imkan verir ki, bu da ənənəvi üsullarla müqayisədə diaqnostika prosesini əhəmiyyətli dərəcədə sürətləndirir”, – məlumatda bildirilir.

Test hepatit B-nin sürətli və dəqiq diaqnostikasına imkan yaradır ki, bu da xəstəliyin vaxtında aşkarlanması, müalicənin başlanması və epidemiya əleyhinə tədbirlərin görülməsi üçün mühüm əhəmiyyət daşıyır.

Hepatit B qaraciyərin ağır zədələnmələrinə, o cümlədən sirroz və xərçəngə səbəb ola bilən yoluxucu xəstəlikdir. İnfeksiya qan və digər bioloji mayelər vasitəsilə keçir; xüsusilə uşaqlar və immun sistemi zəif olan insanlar risk qrupuna daxildirlər.

Həmidə İbrahimova

Seçilən
5
olke.az

1Mənbələr