AZ

Həkimlər də NARAZIDIRSA...

Yazını böyüt
Yazını kiçilt

Bu ikili idarəetmə nə həkimin, nə də xəstənin xeyrinədir...”

Azərbaycanda səhiyyə ilə bağlı narazılıqlar indi də bir başqa reallıqlarla üzə çıxıb. Belə ki, tibb müəssisələrində indi yalnız pasiyentlər deyil, həkimlər də şikayətlənirlər. Pasiyentlər, az qala, günlərlə sürən növbələrdən, həkimlər isə həmin növbələrdən zərərli çıxmalarından narazıdır. Üstəlik, bəzi tibb müəssisələrində tibbi avadanlıq çatışmazlığı, internetsizlikdən yaranan problemlər, əlavə iş saatına görə maaş verilməməsi və digər çatışmazlıqlar da mövcuddur.

Azərbaycan səhiyyəsində hansı problemlər yaşanır? Onlayn növbələrdən niyə həkim və pasientlər narazıdır? Həkimlərin pozulan əmək hüquqlarını kim müdafiə etməlidir?

Hafta.az mövzunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova ilə müzakirə etdi.

Məlumdur ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə birlikdə səhiyyə xidmətləri də rəqəmsallaşır, xəstəxanalarda online növbə sistemi və elektron qeydiyyat prosedurları, xəstələrə vaxt itkisini minimuma endirmək, müraciətləri daha səmərəli idarə etmək və uzun növbələrdən qaçmaq imkanı verir. O da məlumdur ki, Azərbaycanda bir çox dövlət və özəl tibb müəssisələri artıq online sistemləri tətbiq edir. Gəlin görək, bu xidmətdən məmnunluq varmı?

Mərziyyə Məmmədova deyir ki, düşünmək olardı ki, online növbə sistemi vətəndaş məmnunluğunu artıracaq. Müşahidələr bunun tam əksini göstərir. Onun sözlərinə görə, xəstəxanalarda icbari tibbi sığortanın tətbiqindən sonra növbələrdə sıxlıq yaranır ki, bu həm həkimi, həm də xəstəni narahat edir:

“Uzun müddət keçməsinə baxmayaraq, hələ də tibb müəssisələrində onlayn növbə rejimində çatışmazlıqlarla üzləşilir. Bu tək sıxlıqla bağlı deyil, hətta sistemin özündə də tez-tez donmalar baş verir. Mən bu problemlə uzaqdan yox, birbaşa üzləşirəm. Əsasən xidmətlərdən qeyri-məmnunluq var. Xəstə uzun-uzadı növbələrdə dayana bilmir. Baxırsan ki, ya növbəyə düzgün riayət olunmur, ya da ümumiyyətlə növbə sistemi düzgün qurulmayıb”.

Ekspert qeyd edir ki, sosial şəbəkə qrupu vasitəsilə daxil olan əksər şikayət online növbələrdəki vəziyyətlə bağlıdır. Belə ki, vətəndaşlar sağlıq durumlarındakı problemlə bağlı həkim axtarır, həkimə yönləndiriləndə isə bu dəfə növbə çıxılmazında qalırlar:

“Bizə müraciət edən vətəndaşları yaşadıqları əraziyə uyğun tibb müəssisəsinə yönləndiririk, amma növbəti gün şikayət edirlər ki, növbə 2-3 həftədən sonra olacaq, itirilən zaman əleyhimizə işləmirmi? Əslində vətəndaş haqlıdır. Yəni bəlkə də anındaca həkim müdaxiləsi vacib olduğu halda bu növbələrdə vəziyyətinin ağırlaşmayacağına heç kim zəmanət verə bilməz. Hesab edirəm ki, problemin kökü xəstəxanalarda icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Əslində, bu prosesdən sonra, ilk növbədə, xəstəxanalarda təchizatın vəziyyəti yaxşılaşdırılmalı idi. Onlayn sistemə keçdik deyib hər şey həll oldu yanaşması düzgün deyil. Digər tərəfdən, axı hər kəsin onlayn növbə götürmək imkanı yoxdur. Yəni ya telefonu android deyil, ya interneti yoxdur, ya da ümumiyyətlə bu tətbiqi işlədə bilmir. Məsələn, bizə gələn bir çox şikayətlər vətəndaşın onlayn növbə üçün sistemə daxil olandan sonra istədiyi həkimin növbəsinə düşə bilməməsi ilə bağlıdır. Səbəb isə qeyd etdiyim kimi, növbə sıxlığıdır. Məsələni araşdırmaq istərkən görürük ki, həkimin gündəlik qəbul limiti 35 nəfərdir. Reallıqda həmin həkimin 35 yox, 40-50, bəzən 60 xəstəsi olur. Qeyd edim ki, həkimlərin özləri də bu limitdən yorulurlar, şikayətlənirlər ki, bu qədər xəstəni eyni gündə necə qəbul etmək olar, yemək fasiləsinə çıxmağa vaxt çatmır və sair. Yəni burada hansısa növbədən söhbət gedə bilməz”.

M.Məmmədova vətəndaşların ərazi üzrə xəstəxanalara yönləndirilməsində də böyük problemlərin olduğuna diqqət çəkib. O, ərazi üzrə vətəndaşların qeydiyyatının həkimlərə həvalə edilməsini qəbuledilməz saydı:

“TƏBİB-in tabeliyində olan müəssisələrdə həkimlərə tapşırılmışdı ki, ərazidəki sakinləri siz qeydiyyata alın. Əslində isə ərazi üzrə nə qədər əhalinin sayını aidiyyatı qurumlar həyata keçirməli və klinikaya təqdim etməlidir. Yəni bu proses sistemli şəkildə aparılmalıdır, ərazi üzrə əhalinin statistikasını aparmaq həkimin işi deyil. Həkim öz vəzifə borcuna aid olmayan işlərlə yükləndiyi üçün tükənir və nəticədə təbii olaraq xəstə qəbuluna lazımi vaxt ayıra bilmir, ləngimələr yaranır, növbələr uzanır ki, bu zaman da pasiyentlərin narazılığı baş qaldırır. Həkim gün ərzində bilmir əhalinin qeydiyyatını aparsın, yoxsa xəstələri qəbul etsin.  Bu, haradasa əmək hüququnun pozulması kimi də dəyərləndirilə bilər. Odur ki, səhiyyə müəssisələrində olan əməyin mühafizəsi xidməti tərəfindən bütün bu neqativ hallar, eyni zamanda iş şəraiti, iş qaydaları tənzimlənməlidir. Yalnız bundan sonra onlayn növbə sistemi də düzgün qurulacaq. Ən pis hal odur ki, həkim növbəsi ilə yanaşı, analiz növbələri də vətəndaşı incidir. Bəzən gedib baş həkimə şikayət edirlər, o da həkimi çağırıb deyir ki, məsələni yoluna qoy. Soruşan yoxdur, ay həkim, nahar edibsənmi, fasiləyə çıxıbsanmı? Bu cür gərginlikdə çalışmaq, təbii olaraq, həkimlərin özlərinin sağlıq, psixoloji durumuna pis təsir edir.

Mənim pasiyentlərim arasında əksəriyyət yorğunluq sindromundan əziyyət çəkən həkimlərdir. İnanın, əksəriyyət bu cür işləməkdən tükənir. Tükənmə isə o deməkdir ki, hətta istirahət belə onu bərpa edə bilmir”.

Qeyd edək ki, bəzən bir xəstəxana başqa xəstəxanadan gətirilən analiz və müayinələrin cavabını qəbul etmir. Əsas gətirilir ki, analizin nə qədər dəqiq olub-olmadığını bilmədikləri üçün müalicəni yanlış apara bilərlər. Xəstə də yenidən həmin xəstəxanada müayinələrdən keçir ki, bu da müəyyən əlavə xərcdir. Əsasən də rayonlardan gələn vətəndaşların özləri ilə gətirdikləri analiz cavabları qəbul edilmir.

Mütəxəssis-ekspert hesab edir ki, sistem düzgün qurularsa, bu problem də aradan götürülə bilər. Yəni internet üzərindən sistemə daxil olub onun xəstəlik tarixcəsi, analizlərinin cavabı gözdən keçirilə bilər. Təbii ki, həmin xəstəxana analizlərin cavabını sistemə yerləşdiribsə və buna icazə verirsə:

“Bu gün televiziyalarda və sosial şəbəkələrdə xəstəxanaların, müəyyən həkimlərin reklamları qurulur, çağırış edirlər ki, tək şəxsiyyət vəsiqəni götür gəl. İnsanlar da vəsiqələrin götürüb göstərilən ünvana gedirlər, amma sıxlıqla, günlərə təyin edilən növbələrlə qarşılaşırlar. Vətəndaş müayinələrdən keçmək üçün gərək, işdən 2-3 həftəlik icazə alsın ki, hamısından keçməyə vaxtı olsun. Belə xəstəxanaların digər problemi isə başqa xəstəxanadakı analizlərin cavabını qəbul etməməsidir. Belə qayda qoyurlar ki, gərək, bizim xəstəxanada keçəsən bütün analiz və aparatlardan. Necə ki, reklamda deyirlər, tək şəxsiyyət vəsiqəni götür gəl, bax elə o vəsiqə ilə sistemə daxil olub xəstəlik tarixçəsinə baxa bilərlər ki, xəstə haqqında məlumatlı olsunlar və yenidən onun analizlərdən keçməsi gərəkməsin. Səbəb kimi, TƏBİB-lə Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanaların onlayn şəkildə bir-birini görmək icazəsinin olmaması göstərilir. Əslində, “mygov” sistemi kimi bu proses asanlaşdırıla bilər. Buna görə də hər müəssisə xəstədən təkrar müayinə tələb edir. Bu ikili idarəetmə nə həkimin, nə də xəstənin xeyrinədir...”

Seçilən
99
hafta.az

1Mənbələr