Bakı, 23 oktyabr, AZƏRTAC
Ali Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə həssas qruplardan olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının 80-dək əl işi nümayiş etdirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif janrlarda milli dövlətçilik ruhunda tərtib olumuş əsərlərin mövzusu qanunçuluq, suverenlik, vətənpərvərlik və insan hüquqları kimi dəyərləri əhatə edib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin Aparat rəhbəri Cavid Hüseynov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Ali Məhkəmə bir sıra tədbirlər həyata keçirib və bu istiqamətdə işlər indi də davam etdirilir. Həmin tədbirlər silsiləsində keçirilən əl işlərindən ibarət sərgi də hüquqi dövlətin əsas dəyərlərindən biri olan insan amilinə verilən dəyərin təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətindən bəhs edib. O, mərkəzin inklüziv cəmiyyətin inkişafında rolunu vurğulayaraq sərginin “Konstitusiya və Suverenlik İli”nə töhfə olduğunu diqqətə çatdırib.
Sərgidə təqdim edilən əsərlər təkcə yaradıcılıq nümunəsi deyil, həm də əzmin və peşəkarlığın göstəricisi kimi səciyyələndirilib.
Sonra Ali Məhkəmənin əməkdaşları, könüllülər, tələbələr və digər şəxslər sərgi ilə tanış olublar.
Tədbir çərçivəsində “Könüllü DOST” proqramının “İnklüziv DOST” altproqramı üzrə mərkəzdə fəaliyyətə cəlb edilmiş gənclər üçün Ali Məhkəmə tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminar təşkil olunub.