13–23 oktyabr tarixlərində Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə keçirilən ekspedisiya yekunlaşıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ekspedisiya müddətində Xəzər dənizinin müxtəlif bölgələrində, həmçinin daxili su hövzələrində balıq və digər su bioresurslarının populyasiyası, biomüxtəlifliyi və ekoloji vəziyyəti ilə bağlı nümunələr toplanıb, ilkin elmi müşahidələr aparılıb.
Eyni zamanda, balıqların yem bazasının öyrənilməsi məqsədilə götürülən su nümunələri hazırda laboratoriya şəraitində təhlil olunur. Toplanan nəticələr əvvəlki illərin göstəriciləri ilə müqayisə edildikdən sonra yekun hesabat hazırlanacaq. Hesabat əsasında 2026-cı il üçün balıq ov kvotalarının müəyyənləşdirilməsi və su bioresurslarının davamlı idarə olunması istiqamətində təkliflər hazırlanacaq.
Yekun hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim ediləcək.