AZ

GÖRKƏMLİ ALİM, SADƏ İNSAN


Üzvi kimya sahəsində öz sözünü deyən alim Eldar Hüseynqulu oğlu Məmmədbəylini 1967-ci ildən tanıyırdım. O zamanlar biz Kataliz və qeyri-üzvi kimya İnstitutunun (KQKİ) yerləşdiyi binada işləyirdik. Sonradan onların laboratoriyasını AMEA NKPİ-nin Sumqayıt filialına köçürdülər.

Eldar müəllimi daha yaxından tanımağa başladım. Həmin illərdə onun bizim institut əməkdaşları ilə sıx elmi əlaqələri yarandı. Onlar tərkibində halogen saxlayannorbornen sırası yeni birləşmələrin sintezi və polimerlərə əlavələr, plastifikator maddələr,bioloji aktiv maddələr SRB-yə bakterisid kimi xassələrin öyrənilməsində birgə işlər aparırdılar.

Bunlardan əlavə o Respublikamızda asimmetrik sintez sahəsində sistemli şəkildə çalışan ilk azərbaycanlı alimlərdən biri kimi tanınmağa başlayırdı. Onun EÜBİ-nin nəzdindəki İxtisaslaşmış Şurada müdafiə etdiyi namizədlik dissertasiyası və BDU-nun nəzdindəki Dissertasiya Şurasında müdafiə etdiyi doktorluq dissertasiyası bütövlükdə asimmetrik sintez problemlərinə həsr olunmuşdur. Hələ 1976-cı ildə o indiki Polimer Materialları İnstitutunun direktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvi Mustafa Hüseynovun rəhbərliyi ilə asimmetrik dien sintezinin prinsipcə yeni variantını təklif etmiş və xiral katalizatorun iştirakı ilə bu reaksiyanın aparılmasını həyata keçirib.

Sonrakı illərdə yapon (K.Koqa və b., 1979) və amerika (V.R. Rouşet və b., 1982) alimləri tərəfindən onun bu işləri prioritet kimi qəbul edilmiş və inkişaf etdirilmişdir. Daha sonra bu işlərə dünyanın bir sıra aparıcı alimlərinin əsərlərində istinadlar edilmişdir (Y.Mori, 1982; M.Noqradi, 1989; K.Narasaka, 1991; H.V. Kaqan, V.D. Riant, 1992 və s.). Həmçinin, Rusiya Elmlər Akademiyasının (bundan sonra - REA) görkəmli kimyaçı alimlərindən “Jurnal Orqaniçeskoy Ximii” (“Jurnal Opqaniçeskoy Ximii”) jurnalının baş redaktoru, Moskva Dövlət Universitetinin professoru, akademik İ.P. Beletskaya, uzun müddət EÜBİ-nin direktoru işləmiş akademik Y.N. Bubnov, KFİ-nin laboratoriya müdiri, dünya şöhrətli professor R.Q. Kostyanovski və başqaları onun elmi işlərinə yüksək qiymət vermişlər.

Daha sonralar Eldar müəllim AMEA-nın Katalitiz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları ilə birlikdə yeni metal-üzvi komplekslərin alınması sahəsində elmi-tədqiqat işlərinin aparılmasında rəhbərlik və iştirak etmişdir. Ferrosen və simantrenin birli, ikili, tsiklik karbinolların və onların bəzi törəmələrinin sintezi və xassələrinin öyrənilməsinə dair elmi işlər aparılmışdır. Alınmış birləşmələrin bioloji aktiv maddələr, dizel yanacaqları üçün tüstüazaldıcılar və benzin fraksiyasının diemerkapitanlaşması üçün komponent kimi sınaqdan keçirilməsi həyata keçirilmişdir. Aparılan tədqiqatlar əsasında institutun doktorantı Elvin İmanov onun rəhbərliyi altında 2013-cü ildə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Hazırda bu institutda, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları ilə birlikdə N-dixlormaleinimidlərin sintezi və faydalı xassələrinin öyrənilməsi sahəsində aparılan birgə elmi işlərdə aktiv iştirak edir.

AMEA və REA-nın arasında 2005-ci ildə bağlanan Sazişin tematik planına onun təklif etdiyi iki elmi işi daxil edilmişdir. Bu Saziş çərçivəsində AMEA-nın NKPİ ilə REA-nın EUBİ və KFİ-nın arasında 3 il müddətinə ikitərəfli elmi-texniki müqavilələr bağlanmışdır (2007-2010-cu illər). Sonradan 2010-cu ildə bu müqavilələr beş il müddətində 2015-ci ilə qədər uzadılmışdır. Eldar müəllim bu müqavilələrin elmi kordinatoru və məsul icraçısı olmuşdur. Bu müqavilələr əsasında asimmetrik sintez sahəsində, Azərbaycan neftlərinin optiki aktivliyinin öyrənilməsi sahəsində, Azərbaycan Sənaye bitkilərinin mikrokapsullaşma üsulu ilə becərilməsi sahəsində, tərkibində azot, kükürd, fosfor saxlayan müxtəlif yeni birləşmələrin sintezi və faydalı xassələrinin öyrənilməsi sahəsində tədqiqat aparılmışdır.

EÜBİ və NKPİ-nin arasında 2018-ci ildə 5 il müddətində yeni elmi texniki müqavilə bağlanmışdır. Bu müqavilə 2025-ci ildə yenidən beş illik olaraq bağlanmışdır. Alınmış nəticələr birgə dərc olunur.

Müəllifləri görkəmli rus alimləri B.A. Smit və A.D. Dilman olan “Müasir üzvi sintezin əsasları” adlı 2015-ci ildə dərc olunmuş ali məktəblər üçün dərslikdə (Moskva BİNOM. Laboratoriə znaniy 2015) axiral substratların (dien və dienofillər) əsasında xiral adduktların alınması üçün xiral katalizatorların ıştirakında aparılan [4+2]tsiklobirləşmə reaksiyasından istifadə olunması barədə məlumat verilir. Bu tədqiqat sahəsinin azərbaycanlı alimlər tərəfindən açıldığı qeyd olunur (səh. 623, 641). Bu kitabda aparılan işə dair istinad da göstərilir.

- Professor E. Məmməbbəylinin anadan olmasının 80 illiyi münasibətilə 2021-ci ildə “Jurnal Orqaniçeskoy ximii”də onu təbrik etmişdilər. Təbrik üç səhifədə yubilyarın şəkli ilə birlikdə, redaksiya və redaksiya kollektivi tərəfindən verilmişdir (2021 T.57, №8, c.1057-1059).

- Eldar müəllim NKPİ-nin Elmi Şurasının və Dissertasiya Şurasının üzvüdür. “Azərbaycan Əczaçılıq və Farmakoterapiya”, “Neft kimyası və neft emalı prosesləri” jurnallarının həmçinin RF-nin bir neçə elmi jurnallarının Redaksiya Şurasının üzvüdür.

Eldar müəllimin işlədiyi dövrdə 660-dan çox elmi əsəri dərc olunmuşdur. Bunlardan 12-si SSRİ müəlliflik şəhadətnaməsi, 5-i Azərbaycan patenti, 4-ü monoqrafiyadır. Məqalələrinin bir çoxu “Tetrahedron”, “Green Chemistry”, “JOpX”, “JOX”, “JPX”, “Neftexemiə”, “Kataliz v promışlennosti”, “İzvestiə RAN, “Ser. Xim.”, “Analitiçeskaə ximiə”, “Azərbaycan kimya jurnalı”, “Neft kimyası və neft emalı prosesləri” kimi jurnallarda dərc olunmuşdur. Son beş ildə 170 elmi əsəri dərc olunmuşdur.

Onun rəhbərliyi ilə doqquz fəlsəfə doktoru, üç elmlər doktoru dissertsiya işləri müdafiə olunmuşdur. Hazırda onun bir neçə əməkdaşı fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi üzərində işləyir.

Elmi işlərlə yanaşı, təhsil sahəsinə də vaxt və əmək sərf edir. Uzun illər Bakı Qızlar Seminariyasında, Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültələrində “Biokimya”, “Formakologiya” fənnlərini tədris etmişdir.

2009-cu ildə Azərbaycan Tibb Universitetinin buraxılış işlərinin müdafiəsi üzrə komissiyanın və 2016-cı ildə Lənkəran Dövlət Universitetinin dövlət imtahan komissiyasının sədri olmuşdur.

Müxtəlif illərdə ayrı-ayrı universitetlərdə tələbələrin buraxılış işlərində diplom işinin rəhbəri olmuşdur. Son illər Moskva Dövlət Universitetinin Bakı filialının 3 tələbəsinin bakalavr pilləsinin diplom işinin rəhbəri olmuşdur.

Professor elmi fəaliyyətindən əlavə ictimai işlərlə də məşğul olur. 1999-cu ildən başlayaraq uzun müddət AR Səhiyyə Nazirliyinin Əczaçılıq müəssisələrinə nəzarət edən daimi komissiyanın üzvü olmuşdur. 2000-ci ildə Ukrayna Respublikasına səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olmuşdur.

Bəzi qəzet və jurnallarda dərc olunmuş bir çox elmi populyar və publisistik məqalələrin müəllifidir.

Mən onun elmi fəaliyyəti ilə AMEA-nın kimya bölməsinin və kimya üzrə koordinasiya şurasının iclaslarında və digər tədbirlərdə də tanış olmuşam.Onun təklif etdiyi elmi mövzular, yeni fikirlər həmişə aktual olur və müasir tələblərə cavab verir.

Bütövlükdə Eldar müəllim özünün elmi məktəbini yarada bilmişdir.

Ömrünün 58 ilini elmə həsr etmiş bir fədakar insan, hazırda həyatının 85-ci ilini yaşayır. Yaxınlarda 2026-cı ilin yanvar ayının 22-də onun 85 yaşı tamam olur. Təəsüf hissi ilə qeyd etmək istəyirəm ki, Eldar müəllim apardığı işlərlə bağlı qiymətini ala bilməmişdir. Hesab edirəm ki, Dövlətimiz və onun rəhbərliyi tərəfindən layiq olduğu qiymətini alacaqdır.

Mən şəxsən öz adımdan və çoxsaylı dostları olan institutumuzun kollektivi adından ürəkdən təbrik edir, ona can sağlığı, uzun sağlam ömür və Azərbaycan elminin inkişafında daha yüksək səviyyədə davam etdirməsini arzulayıram.

Ağadadaş Əliyev
AR ETN -nin Katalitiz və Qeyri-üzvi
Kimya İnstitutunun şöbə müdiri
Kimya elmləri doktoru, professor, akademik

Seçilən
35
baki-xeber.com

1Mənbələr