Azərbaycan Basketbol Liqasının IV turunda "Sabah" "Gəncə"ni 87:68 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Rimas Kurtinaytisin “Gəncə” üzərində qələbəni şərh edib:
“Oyunun əvvəli istədiyimiz kimi, alınmasa da, səbr və əzmlə davam edib qələbə qazanmağı bacardıq. Rəqib də bəzi oyunçularının zədəli olmasına baxmayaraq, istəkli görünürdü. Komandada məşqçi hiss olunur. “Gəncə”ni layiqli mübarizəyə görə təbrik edirəm. Qələbə qazanmağımıza baxmayaraq, hakimlərin bəzi qərarları mənim üçün anlaşılmaz oldu. Çempionlar Liqasına gəldikdə isə hazırda qarşıdakı rəqibimiz “Elan Şalon” qrupun ən güclüsüdür. Heyətlə bağlı problemlərimiz olsa da, ora yaxşı əhval-ruhiyyədə yollanacağıq. Bizi Fransaya uzun səfər gözləyir. Kamranın zədəsinin nə qədər ciddi olduğunu hələ ki, bilmirik. Tillmana isə zədədən sonra bərpa üçün bir həftə vaxt verdik. Yenə də son vəziyyətinə baxıb qərar verəcəyik”.
"Gəncə"nin baş məşqçisi Halil Atlı isə məğlubiyyət ilə bağlı bu sözləri deyib:
"Komandamı meydandakı mübarizəyə görə təbrik edirəm. Zədə səbəbindən heyətimizdə itkilər var. Buna baxmayaraq uşaqlar çox yaxşı mübarizə apardılar. Sona qədər oynadılar, onların hər birinə təşəkkürümü çatdırıram. Sıxıntılı zamandan keçirik. "Sabah" klubuna da avrokubok yarışında canı-könüldən uğurlar arzulayıram".
 
                        