Londonda keçiriləcək görüşdə Rusiya üzərinə təzyiqin artırılması müzakirə olunacaq...
Poliqon xəbər verir ki, oktyabrın 24-də Londonda “istəkli ölkələr koalisiyası”nın liderlərinin görüşündə çıxış edəcək Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiya üzərində təzyiqin artırılmasının vacibliyini vurğulayacaq. Britaniya hökumətinin rəsmi saytında yayılan məlumata görə, Starmer həmkarlarını qış mövsümü ərəfəsində Ukraynaya daha güclü dəstək verməyə çağıracaq.
Baş nazirin bəyanatında Ukraynaya uzaqmənzilli silahların təchiz edilməsinin zəruriliyi və dondurulmuş Rusiya aktivlərinin müsadirəsi məsələləri xüsusi yer tutur. O, həmçinin Böyük Britaniyada hava hücumundan müdafiə raketlərinin istehsal proqramının sürətləndirildiyini və “yaxın zamanda Ukraynaya 100 ədəd raketin vaxtından əvvəl göndəriləcəyini” açıqlayacaq.
Londondakı görüşdə 20-dən çox ölkənin liderləri və NATO nümayəndələri iştirak edəcək. Gündəliyə Rusiya neft və qazının qlobal bazardan çıxarılması, eləcə də Ukraynanın enerji infrastrukturlarının qorunması ilə bağlı tədbirlərin müzakirəsi daxildir.
Poliqon.info