AZ

Yeni gəmilər Orta dəhlizin yükaşırma imkanını genişləndirəcək

Son statistik rəqəmlər Orta dəhlizlə yüklərin daşınmasının dinamikasının yüksək olduğunu göstərir. Təkcə Azərbaycan üzərindən dəmir yolu ilə cari ilin yanvar-sentyabr aylarında "Şərq-Qərb" (Orta dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə daşınan yüklərin həcmi 6 faiz artaraq 2 milyon 651 min tona çatıb.

"AZCON Holding"dən verilən məlumatda bildirilir: "Bu dövrdə Bakı limanı vasitəsilə konteyner aşırmaları 40 faiz artaraq 77 min TEU təşkil edib. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) üzrə isə quru yolla daşınan yüklərin həcmi 70 faiz artaraq 1 milyon 019 min, tankerlə daşımalar 11 faiz artaraq 3 milyon 346 min, Xəzərdən kənar daşımalar isə 191 faiz artaraq 1,1 milyon tona yüksəlib".

Onu da qeyd edək ki, ötən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Bu il onun 5,2 milyon tona qədər artacağı proqnozlaşdırılır ki, onun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu neft olacaq. Ümumiyyətlə, marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün yaxşı zəmin yaradacaq.

Orta dəhlizin inkişafında Azərbaycanla yanaşı, ən çox səy göstərən ölkə Qazaxıstandır. Qardaş ölkə Çindən yükləri Xəzər dənizinin Şərq sahilinə daşınmasında və Aktau limanı ilə dəhliz üzərindən aşırılmasında önəmli rol oynayır. Qazaxıstan ölkəmizlə bərabər, dəhlizin inkişafı üçün siyasi, iqtisadi və maliyyə dəstəyi verən önəmli ölkədir.

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri öncəsi "Kazinform" Agentliyinə verdiyi müsahibədə qardaş ölkənin Orta dəhlizdə işbirliyini yüksək qiymətləndirərək demişdir: "2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta dəhlizin inkişafı və istismarı üzrə "2022-2027-ci illər üçün Yol Xəritəsi" imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur".

Dövlət başçısı həmçinin qeyd etmişdir ki, Aktau və Ələt limanları vasitəsilə  daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların yenilənməsi yönündə həyata keçirilən tədbirlər Orta dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.

Bu istiqamətdə atılan növbəti addımlardan biri də Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal edilməsinə qərar verilməsidir. Qərara əsasən, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımasının artmasına cavab olaraq "Baku Shipyard" tərsanəsində "Samruk-Kazyna"nın törəmə şirkəti olan "Kazmortransflot" (KMTF) və "Abu Dhabi Ports" (ADP) üçün iki konteyner gəmisi istehsal ediləcək. Bu barədə "Samruk-Kazyna" şirkətinin rəhbəri Nurlan Æakupovla Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, AZCON Müşahidə Şurasının sədri Rəşad Nəbiyev arasında keçirilən görüşdə məlumat verilib. Məlumatda bildirilib ki, 2027-ci ilə qədər inşa ediləcək konteyner gəmiləri KMTF və ADP-nin birgə müəssisəsi olan CIMC-yə təhvil veriləcək. 

Görüşdə həmçinin TBNM-in inkişafı və nəqliyyat-logistika sahəsində tərəfdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb. Qeyd olunub ki, ötən il TBNM ilə yük dövriyyəsi tarixi maksimuma - 4,5 milyon tona çatıb. Qazaxıstan yüklərinin ixrac potensialının isə ildə 10 milyon tona qədər yüksələcəyi bildirilib.

Xatırladaq ki, "Kazmortransflot" milli dəniz gəmiçilik şirkəti Birləşmiş Ərəb Əmirliklərinin "AD Ports Group" şirkəti ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axınının artırılması üçün iki müasir konteyner gəmisinin inşası barədə sazişi bu ilin yanvar ayında imzalayıb. Bu çərçivədə Xəzər dənizində istifadə üçün nəzərdə tutulan, 500 TEU-dan çox yükgötürmə qabiliyyətinə malik iki müasir konteyner gəmisinin inşası planlaşdırılır. Suya oturumu az olan bu yeni gəmilər TBNM-in yük dövriyyəsini artıracaq və marşrutun keçid imkanlarını genişləndirəcək.

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
92
azerbaijan-news.az

1Mənbələr