Dünya birliyi güc balansında tarixi dəyişikliklər və geosiyasi rəqabətin kəskinləşməsi ilə üzləşib. Bu fikri Yaponiyanın yeni Baş naziri Sanae Takaiti vəzifəyə başlaması münasibətilə parlamentdə proqram nitqi ilə çıxış edərkən səsləndirib.
“Azad, açıq və sabit dünya nizamı — alışdığımız qaydada — güc balansındakı tarixi dəyişikliklər və geosiyasi rəqabətin artması fonunda sınaqlardan keçir,” — deyə o bildirib və “dünyanın mərkəzində çiçəklənəcək yapon diplomatiyasını yenidən dirçəltməyə” söz verib.
Tokionun xarici siyasətindən danışan Takaiti bir daha vurğulayıb ki, ABŞ ilə ittifaq Yaponiyanın diplomatiyasının və təhlükəsizlik siyasətinin əsas sütunudur. “Yaponiya və ABŞ-ın qarşılaşdığı problemlərin həllində sıx əməkdaşlıq edəcəyik, həmçinin Yaponiya–ABŞ ittifaqının çəkindirmə və reaksiya potensialını artıracağıq”, — deyə o qeyd edib. Bunun əsasında Tokio təhlükəsizlik üzrə “Yaponiya–ABŞ–Cənubi Koreya, Yaponiya–ABŞ–Filippin, Yaponiya–ABŞ–Avstraliya–Hindistan” formatları da daxil olmaqla çoxtərəfli məsləhətləşmələri dərinləşdirməyi planlaşdırır.
Yaponiya həmçinin “azad və açıq Hind-Sakit okean regionu” ideyasını irəli sürməyə davam edəcək. Bu konsepsiya bəzən Çinin “Bir kəmər — bir yol” təşəbbüsünə alternativ kimi təqdim olunur. Hazırda ABŞ, Yaponiya və onların müttəfiqləri bu ideyanı fəal şəkildə təşviq edirlər. Xüsusilə, Takaiti “əsas dəyərləri bölüşən” həmfikirlər olan ölkələrlə, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ilə, eləcə də “önəmli qonşu” adlandırdığı Cənubi Koreya ilə münasibətləri inkişaf etdirmək planlarını vurğulayıb.