AZ

Faktorinq xidmətləri göstərilən zaman ƏDV-nin hesablanması və əvəzləşdirilməsində yaranan fərqlər

Mövzunu “vergiler.az”a vergi eksperti Azər Qənbərov şərh edir.

Məlum olduğu kimi, hazırkı dövrdə biznesin artması, investisiya qoyuluşu və iqtisadiyyatın davamlı olaraq müsbət istiqamətdə inkişafı üçün sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitinə ehtiyacı yaranır. Belə ki, debitorların vaxtında ödənilməməsi vergi ödəyicisinin qarşısında kreditor borcların ödənilməsində də problemlər yaradır. Bu isə əlavə maliyyə itkilərinə, eləcə də biznesin davamlılığının azalmasına və vergi ödəyicisinin imicinin zəifləməsinə səbəb olur.

Bu səbəbdən, əksər sahibkarlar pul vəsaitlərinin likvidliyini saxlamaq üçün faktorinq xidmətlərindən istifadə edirlər. Belə olduğu təqdirdə, pul vəsaitinin faktor (tələb hüququ güzəşt edilən şəxs) tərəfindən satıcıya və alıcı tərəfindən faktora ödənildiyi zaman ƏDV-nin necə hesablanması və nə zaman əvəzləşdirilməsi məsələsi aktuallaşır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.14-cü maddəsinə əsasən, alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına keçirildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir. Həmin Məcəllənin 166.1.1-ci və 166.1.6-cı maddələrinə görə, ƏDV üçün vergi tutulan əməliyyatın vaxtı, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt, tələb hüququ güzəşt edildikdə isə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt hesab edilir.

Göründüyü kimi, ƏDV-nin hesablanması və əvəzləşdirilməsi müxtəlif vaxtlarda həyata keçirilməli olur. Qeyd edilən hallara nümunə üzərindən baxaq:

Misal 1: A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin yanvar ayında B MMC-yə 300.000 manat dəyərində mal satıb. 2025-ci ilin aprel ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcıya həmin məbləği ödəyir. Lakin B MMC həmin məbləği bağlanmış müqaviləyə əsasən 2 ay sonra, yəni iyun ayında komissiya haqqı ödəməklə faktora ödəyir və bu zaman da 54.000 manat ƏDV məbləği 1 iş günü müddətində B MMC tərəfindən satıcının depozit hesabına ödənilməlidir. Belə olduğu təqdirdə, A MMC 54.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni aprel ayında hesablayacaq. B MMC isə ƏDV-ni iyun ayında satıcının depozit hesabına, əsas məbləği isə faktora iyun ayında ödədiyindən əvəzləşməni də iyun ayında aparacaq.

Misal 2: A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin fevral ayında B MMC-yə 300.000 manat dəyərində mal satıb. 2025-ci ilin mart ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcı ilə məbləğin may ayında ödəniləcəyi ilə bağlı razılığa gəlir. Lakin B MMC həmin məbləği bağlanmış müqaviləyə əsasən 2 ay sonra, yəni iyul ayında komissiya haqqı ödəməklə faktora ödəyir. Bu zaman da 54.000 manat ƏDV məbləği 1 iş günü müddətində B MMC tərəfindən satıcının depozit hesabına ödənilməlidir. Belə olduğu təqdirdə A MMC 54.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni mart ayında hesablayacaq. B MMC isə ƏDV-ni iyul ayında satıcının depozit hesabına, əsas məbləği isə faktora iyul ayında ödədiyindən əvəzləşməni də iyul ayında aparacaq.

Misal 3: A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin yanvar ayında B MMC-yə 400.000 manat dəyərində xidmət göstərib. 2025-ci ilin aprel ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcıya həmin məbləği ödəyir. B MMC isə 72.000 manat ƏDV-ni satıcının hesabına ödəyir. Lakin B MMC xidmətin dəyərini bağlanmış müqaviləyə əsasən 4 ay sonra, yəni avqust ayında komissiya haqqı ödəməklə faktora ödəyir. Belə olduğu təqdirdə A MMC 72.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni aprel ayında hesablayacaq. B MMC isə ƏDV-ni aprel ayında satıcının depozit hesabına ödəməsinə baxmayaraq əsas məbləği faktora avqust ayında ödədiyindən əvəzləşməni də avqust ayında aparacaq.

Qeyd edilən əməliyyatlar zamanı ƏDV tutulan əməliyyatların və əvəzləşmələrin vaxtının düzgün müəyyən edilməməsi vergi ödəyicisi üçün əlavə maliyyə sanksiyalarının hesablanmasına səbəb ola bilər. Bu səbəbdən də faktorinq əməliyyatları zamanı təqdim edilən mallara (işlərə, xidətlərə) görə ödənişlər aparılarkən qanunvericiliyin tələblərinə düzgün riayət olunmalıdır.

Seçilən
65
vergiler.az

1Mənbələr