AZ

Donald Tramp: Kanada ilə bütün ticarət danışıqları dayandırılır  

ABŞ Prezidenti Donald Tramp oktyabrın 23-də Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını elan edib. O, bu addımın səbəbini qonşu ölkənin Ronald Reyqanın tariflər barədə mənfi rəyi olan feyk reklamı saxtakarlıqla yayması ilə izah edib.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu ilin əvvəlində Kanadadan idxal olunan polad, alüminium və avtomobillərə tariflər tətbiq edib və onun bu qərarından sonra Ottava cavab tədbiri görməyə məcbur olub. Tərəflər bir neçə həftədir ki, polad və alüminium sektorlarında mümkün razılaşma ilə bağlı danışıqlar aparırlar.

“Onların kobud davranışlarına görə, Kanada ilə bütün ticarət danışıqları dayandırılır” - deyə Tramp “Truth Social” platformasında yazıb.

Ontarionun Baş naziri Daq Ford bu həftənin əvvəlində əyalətinin tarif əleyhinə reklamının Trampın diqqətini çəkdiyini bildirib. Həmin reklamda mərhum Respublikaçı Prezident Reyqan xarici mallara tətbiq edilən tarifləri tənqid edərək, onların iş yerlərinin itirilməsinə və ticarət müharibələrinə səbəb olduğunu iddia edib. “Prezidentin reklamımızı gördüyünü eşitdim. Əminəm ki, o, həyəcan keçirməyib”, - deyə Ford çərşənbə axşamı bildirib.

Ronald Reyqan Prezident Fondu cümə axşamı Ontario hökumətinin reklamında Reyqanın “kontekstdən çıxarılan audio və video materiallarından istifadə edildiyini” bildirən bəyanat yayıb.

Fondun açıqlamasında deyilir: “Reklam Prezidentin (Reyqanın) 1987-ci ildəki radio çıxışının məzmununu təhrif edir. Ontario hökuməti bu ifadələrdən istifadə etmək və ya onların redaktəsi üçün icazə istəməyib və bunu almayıb”.

ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsi tariflərin 1930-cu illərdən bəri ən yüksək səviyyəyə qaldırılmasına səbəb olub. O, Kanadanı müntəzəm olaraq daha çox tarif tətbiq etməklə hədələyib ki, bu da biznes dairələri və iqtisadçılar arasında narahatlıq doğurub.

Seçilən
47
7
azerbaijan-news.az

10Mənbələr