AZ

Xəstəxana direktoru işçini döydürüb? – VİDEO

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısı döyülüb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Xəstə baxıcısı xəsxanadakı qanunsuzluqlarla bağlı şikayət etdiyinə görə döyüldüyünü iddia edib:

“Baş tibb bacısı Sima xanım məndən əlavə 400 manat pul istədi, mən də digər aidiyyatı orqanlara şikayət etdim. Həmin pulu xəstaxana rəhbərliyi qanunsuz olaraq məndən istəyirdi. Bundan sonra xəstanxanın direktoru Həsən Hüseynov məni otağına çağırdı və mənimlə biraz söhbət etdikdən sonra məni kadrlar şöbəsinin müdiri Vüqar Aydınlının yanına göndərdi. V.Aydınlı isə mənə bildirdi ki, yazdığım şikayətləri geri götürməliyəm. Mən isə şikayətimi geri götürməyəcəyimi dedikdə əlinin arxa hissəsilə üzümdən vurdu, burnumdan qan açıldı.

Daha sonra Həsən Hüseynov mənlə məsələni həll etmək üçün məni yenidən çağırdı və bildirdi ki, məni kənd məntəqəsinə işləməyə göndərmək istədi. Mən isə imtina etdim. Ondan sonra isə məni hədələdi ki, əgər işə çıxmasam xüsusi maddə ilə işdən çıxardacaq. İndi isə bütün əsəblərim korlanıb və işsiz qalmışam”.

Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı cinayət işinin başlandığı deyilir.

Məsələ ilə bağlı TƏBİB-dən Oxu.az-a bildirilib ki, vətəndaş Xalidə Əliniyaz qızı Cümşüdovanın iş yerində təzyiqə və hədə-qorxuya məruz qalması, döyülməsi, həmçinin qanunsuz və əsassız olaraq işdən azad olunması barədə 2024 və 2025-ci illər ərzində quruma daxil olmuş müraciətləri əsasında müvafiq araşdırmalar aparılıb.

“X.Cümşüdova müraciətlərində “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin bir qrup əməkdaşı tərəfindən ondan pul tələb olunduğunu, tələb olunan pulu vermədiyi üçün təzyiqə məruz qaldığını, işdən çıxmasının tələb olunduğunu, həmin tələblərə əməl etmədikdə isə Xəstəxananın İnsan resursları şöbəsinin müdiri tərəfindən döyülərək burnunun qanadığını bildirib. İddiada adı keçən şəxslərin hər birinin izahatları alınıb, məsələ ilə bağlı verdikləri izahatlarında qeyd olunan halları təkzib edilib.

Həmçinin X.Cümşüdova tərəfindən müraciətində qeyd olunan halları təsdiq edən hər hansı sübut təqdim edilməyib.

Araşdırma nəticəsində əmək funksiyalarının icrası zamanı nöqsana yol verməsi və iş yerində əmək və icra intizamını pozması səbəbindən (icazəsiz işə gəlməməsi, işçilərin öz əmək funksiyalarını yerinə yetirməsinə mane olması və s.) X.Cümşüdovanın bir neçə dəfə intizam məsuliyyətinə cəlb olunduğu, yekun olaraq, 10.01.2025-ci il tarixli əmrlə X.Cümşüdova ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən olunub.

Əmrdən narazı qalan X.Cümşüdova “əmrin ləğvi və işə bərpa” tələbi ilə məhkəməyə müraciət edib və iddia təmin olunmayıb.

İş materiallarında X.Cümşüdovanın yerli icra hakimiyyəti orqanının başçısına və Xəstəxana rəhbərinə ünvanlanmış 27.06.2024-cü il tarixli müraciətlərindən müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlərinin emosional vəziyyətdə yazılaraq həqiqəti əks etdirmədiyini bildirdiyi aydın olur.

X.Cümşüdovanın digər iddialarına hazırda aidiyyəti dövlət qurumları ilə birgə baxılır”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı olduğu deyilir.

Seçilən
62
15
nocomment.az

10Mənbələr