AZ

"MedAura Klinika"nın külli miqdarda vergi borcu var

"MedAura Klinika"nın külli miqdarda vergi borcu var

"MedAura Klinika"nın külli miqdarda vergi borcu yaranıb.

Teleqraf xəbər verir ki, klinikanın hazırda dövlətə 241 min 690.82 manat vergi borcu var.

"MedAura Klinika" 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi İsbiyev Mübariz Qabil oğludur. Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi iki dəfə adını dəyişdiyi göstərilir. İlk adı "Nihat Klinika” MMC olub. 2018-ci ildən isə "MedAura Klinika” MMC adlandırılır.

Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, klinikaya qarşı 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021, 2022, 2023 və 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən toplam 15 hal üzrə ümumilikdə 600 manat maliyyə sanksiyası tətbiq edilib.

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "MedAura" klinikasında yoxlama aparılıb. Plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.

2024-cü ilin may ayında "MedAura" klinikasında M.P. adlı pasiyent üzərində göbək ətrafı lipoma cərrahi əməliyyat aparılmasına dair qərar verilsə də, sonradan əməliyyatın liposaksiya kimi icra olunduğu aşkar edilərək, cərrahi əməliyyat dayandırılıb. Məhkəmənin qərarı ilə klinika rəhbərliyi İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 6.000 manat cərimə edilib.

Qeyd edək ki, yerli mediada tez-tez vətəndaşların klinikadan şikayətləri öz əksini tapıb. 2024-cü ilin aprel ayında paytaxt sakini Lətafət Məmmədova yanlış əməliyyat səbəbi ilə səhhətində problemlər yarandığını iddia edib. Septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan pasiyent bildirib ki, əməliyyatdan sonra şikayətləri artıb.

Əlavə olaraq, 2023-cü ildə Lamiyə Kərimova adlı pasiyent "MedAura" klinikasında burun əməliyyatı etdirib. Lakin əməliyyat uğursuz alınıb və klinikaya müraciətinə heç bir nəticə verilməyib.

Bundan başqa, 2019-cu ilin oktyabr ayında Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziyadan sonra dünyasını dəyişib.

Seçilən
31
7
afn.az

8Mənbələr