AZ

Naxçıvan mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 oktyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illəri əhatə edən tədbirlər planında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) həvalə olunmuş tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim keçirilib.

DİA-dan AZƏRTAC-a bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanovun keçirdiyi təlim “Dövlət qulluqçularının kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi və ictimaiyyətlə əlaqələr” mövzusunu əhatə edib.

Təlim zamanı Eldar Aslanov dövlət qulluqçularının peşəkar fəaliyyətində kommunikasiya bacarıqlarının mühüm rol oynadığını vurğulayıb. O, ictimaiyyətlə düzgün əlaqələrin qurulması, şəffaf və etibarlı ünsiyyətin təmin edilməsi, vətəndaşlarla münasibətlərdə etik davranış və kommunikasiya mədəniyyəti haqqında ətraflı məlumat verib.

Mühazirə zamanı rəsmi yazışmalar, ictimaiyyətlə və media ilə effektiv əlaqələrin yaradılması, habelə dövlət qulluqçularının ictimai çıxış bacarıqlarının formalaşdırılması mövzularında praktik yanaşmalar təqdim edilib. Təlimdə iştirakçılar, həmçinin dövlət orqanlarında kommunikasiya prosesində qarşıya çıxa biləcək problemlərin təhlili, uyğun qərarların verilməsi və böhran vəziyyətlərinin idarə olunması məsələlərini müzakirə ediblər.

Təlim çərçivəsində vurğulanıb ki, kommunikasiya bacarıqları yalnız informasiya ötürmək deyil, eyni zamanda, qarşılıqlı anlayış, inam və əməkdaşlıq mühitinin yaradılmasına xidmət edir. İştirakçılar bu sahədə əldə etdikləri biliklərin peşəkar fəaliyyətlərinə töhfə verəcəyini qeyd edərək, bu kimi tədbirlərin davam etdirilməsinin zəruriliyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
azertag.az

1Mənbələr