AZ

"Böyük Qayıdış ünvanlarından olan Qubadlı abad məkana çevrilir" - Deputat

"25 oktyabr tarixi Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutur. Həmin gün Qubadlı şəhərinin işğaldan azad olunması ilə yadda qalıb və Vətən müharibəsində əhəmiyyətli strateji dönüş nöqtəsi kimi qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun göstərdiyi qəhrəmanlıq və peşəkarlıq sayəsində bu qədim diyar öz sahiblərinə qayıdıb".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, Qubadlının azad olunması həm hərbi uğur, həm də milli birliyin təcəssümü kimi tarixin yaddaşına həkk olunub.

"Qubadlı rayonu ölkənin cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazisi ilə bölgənin strateji coğrafi nöqtələrindən biridir.  1988-ci ildən etibarən Qubadlı rayonu Ermənistan silahlı qüvvələrinin təxribatlarına məruz qaldı və 1993-cü il avqustun 31-də tamamilə işğal edildi.

2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi zamanı şanlı ordumuzun əks-hücum əməliyyatı nəticəsində Qubadlının strateji yüksəkliklərinin alınması mühüm dönüş nöqtəsi olub. Şəhərin alınması uğrunda aparılan döyüşlər çətin relyef şəraitində, dağlıq yüksəkliklərdə aparılıb. Azərbaycan Ordusu böyük peşəkarlıq və fədakarlıq göstərərək Xanlıq, Padar, Sarıyataq kəndlərini azad edib. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması İkinci Qarabağ müharibəsində döyüş taktikasının mükəmməlliyini, həm də milli birliyin gücünü bir daha nümayiş etdirib. Azərbaycan Silahlı Qüvvələrinin 15 mindən çox hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Həmin addımlar igidlərin şücaətini və vətənpərvərliyini dövlət səviyyəsində tanıdan ali dəyərdir. Bu amillər azadlıq uğrunda mübarizənin, qəhrəmanlığın və xalqın həmrəylinin təntənəsi kimi əlamətdardır. İşğaldan azad edilmiş Qubadlı şəhəri və kəndlərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Böyük Qayıdış Proqramının mühüm komponentlərindən biridir.

Mahruzlu və Zilanlı kəndlərində aparılan tikinti işləri minlərlə sakinin doğma torpaqlarına qayıdışını təmin edəcək.  Azad Qubadlı milli iradənin, bərpa prosesinin və gələcəyə inamın təzahürüdür. Burada həyata keçirilən hər bir layihə həm tarixi Zəfərin yadigarı, həm də müasir inkişafın təcəssümü kimi dəyərləndirilir. Qubadlıya qayıdan insanlar yalnız evlərinə deyil, həm də tarixi torpaqların dirçəlişinə qovuşurlar. Hər bir infrastruktur layihəsi, hər bir yeni yol və sosial obyekt regionun sosial-iqtisadi inkişafını sürətləndirir və gələcək nəsillər üçün dayanıqlı mühit yaradır". 

Seçilən
88
2
unikal.az

2Mənbələr