AZ

Erkən nikahlar niyə bitmir? -Sosioloq səbəbləri AÇIQLADI

Ölkəmizdə erkən nikahlar və məcburi ərə verilmə halları illərdir ciddi sosial problem olaraq qalır. Müxtəlif illərdə aparılan maarifləndirmə tədbirlərinə, qanunvericilikdə edilən dəyişikliklərə və mediada bu mövzunun tez-tez gündəmə gətirilməsinə baxmayaraq, təəssüf ki, bəzi bölgələrdə bu kimi hallar hələ də davam edir.

Erkən nikahların nəticələri hər kəsə məlumdur: qız uşaqlarının təhsildən uzaqlaşması, erkən yaşda ana olması, sağlamlıq problemləri, psixoloji sarsıntılar və nəticədə həm fərdi, həm də ictimai səviyyədə ciddi fəsadların yaranması. Bütün bunlara baxmayaraq, bir çox ailələr hələ də köhnə stereotiplərdən çıxmaq istəmir, "qızın yeri ər evindədir" kimi yanlış düşüncələrlə öz övladlarının gələcəyini risk altına atırlar.

Aparılan bu qədər maarifləndirmə işlərinə baxmayaraq vətəndaşlar niyə dərs çıxarmırlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirdi ki, insanlar hələ o dərkə, intellekt səviyyəsinə çatmayıblar:

"Əgər insanlar erkən nikahlarla bağlı bu addımı atırlarsa, deməli, onlar həm bu məsələdəki qadağalardan xəbərsizdirlər, həm də başa düşmürlər ki, bu, qanuna ziddir. Yəni hüquqdan məlumatları yoxdur, qadağalardan xəbərsizdirlər. Ümumiyyətlə, onların dünya görüşü zəifdir, kitab oxumurlar, intellektual bazaları zəifdir. Hamını demirəm, amma müəyyən bir kəsimdə vəziyyət belədir.

Bu problemi aradan qaldırmaq üçün isə təəssüf ki, Azərbaycanda ciddi iş görülmür. Televiziyalar intellektual verilişlər təqdim etmir, yalnız mənasız əyləncə proqramları və aqressiv xarakterli verilişlər yayımlayırlar. Bax, bunun nəticəsidir ki, belə xoşagəlməz hallar baş verir".

Nuriyyə NATİQQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr