AZ

Pandemiya gündəliyi Zəfər düşüncələri

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xosrov NATİL

16 oktyabr...

Səhər-axşam hərarətimi ölçürlər,

Ağızdan, burundan yaxma götürüb

virus axtarırlar

Kaspian Biznes oteldə.

Karantin 7 gündü,

4-cü özüldən Rauf bəylə yanaşı

qırıq stullu 8-ci qatda,

8 saylı otaqda

zəif işıq fonunda

telefona göz atıb darıxırıq bəlkə də.

Sevinirik nə yaxşı ordumuz qalib gəlib

Qarabağda - ölkədə.

Bir bayraq da qoymuşuq ağ stolun üstünə,

İsinir ümidimiz - zəfər marşı çalınır,

İtirilmiş torpaqlar indi geri alınır.    

Cəbhədəki oğlumun dilindən eşidirəm:

"Füzuli şəhəri azad olunub,

bir də yüksəklik olan Məngələnata.

Qələbə bizimdir,

"Qarabağ Azərbaycandır" - ata.

18 oktyabr - Müstəqillik günüdü...

Ümid dolu Günəş doğub səhərdən,

Bayrağımız bürüyüb üç rəngə hər tərəfi. 

Səhər saat yeddidə telefona zəng gəlir

Ertədən işə gedən 

qısqanc ərin hər kəsdən gizlətdiyi

Leyla adlı qadından.

"Evdən çıxdım əzizim", -

Bir "qızılgül ləçəyi"

bir də "uğurlar olsun" -

yanıb sönür beləcə.

Bu da 20 oktyabr...

Vaqifimin ad günüdü bu axşam,

aman Allahım,

Zəngilanın yenidən qayıdışı...

Bağırmaq istəyirəm -

Sən mənim vətənimsən, oğlum!..

7 noyabr...

virusa yenildi Əziz Hüseyn -

öldü tələbə dostumuz Cəlilabadda...

8 noyabr...

Ağ qalsın yeri...

Şuşadan yazacam, dedim nə vaxtsa...

20 noyabr...

Ağdamın ağ günüydü -

Qulu Ağsəsə yazdım

Ürəyin ağ olsun, -  dedim

28 noyabr...

Nisəbəyim öldü...

Yanaşı çıxmışdı yazılarımız -

Ötən yüzildə "Qala" qəzetində

Elə həmin günüydü...

öz evimdə yaşamağa davam etdim -

tək idim.

30 noyabr...

Ad günüm də sakit keçdi bu gecə.

17 dekabr...

"Xaç atası"na baxmağa həvəsim də yox,

Düşünürəm bəlkə də haqsızam nəsə.

Bir rus kanalında sevgi səhnəsi -

Beləcə başımı qatıram gecə.

Qısqanclıqmı, bilmirəm

hələ mənim evimə uyğunlaşa bilməyən

bir sərçəcik quşuydu Leyla.

Məni aldatmaq asan idi bəlkə də

Niyə aldatsın axı...

20 dekabr...

Qayıtdıq helikopter meydanından

düşdük yatağın ağına,

Yuxuda baxırdım quşların ağlamağına -

Heç yadımdan çıxmaz...

Bir də yanaşı otaqda Ənvər müəllimin

Qəfil hönkürtüsü yadımdan çıxmır,

Eynəyindən axırdı göz yaşı gilə-gilə -

Qardaşı rəssam Ucatay

kədərli rəsmlərin qurbanı olmuş bu gün.

lll

Kaspian oteldə yenə

onuncu qatda təkəm - təmtək,

televiziya və notbukla iyəşirəm.

A tövbə başqa dərdim-sərim yox guya,

dişlərimi qamaşdırır borclu qaldığım

 para sayısı

lll

Araza axırdı Oxçunun qanı,

Axırdı Zəngilandan sərhədə sarı,

Tikanlı naqillərin düyün yerində

Özünü yelə verirdi salafan torbalar.

Paşa bağında armud sallananda saplaqda

O zaman Mincivanda

payız narı sulanmışdı budaqda

Narın rəngi qanıydı - qəzetlər yazırdı yenə bu haqda...

Sərin oktyabr ayı -

əsgərlərin sərhəddə atışma vaxtı...

lll

Göylərin çiçəyi çırtladı səhər,

Yavanlıq göndərdi gün işığını.

Hava tutqunuydu - payız günüydü,

üç rəngə büründü yer 

Mavi, qırmızı, yaşıl - bayraq bürüsü.

Bu gün Çilov adasında

ay-ulduzlu bayraqlar

baş üstündə göründü,

İnna Maxova sevinirdi

Şuşanın qələbə sorağına.

Yad qoşunun gəlişindən

qüssəliydi pasportçu qız.

Dəli Aydın bayraq asırdı məzar başında

Alkoqollu içki kimi sevirdi bayramları.

Xoruz ilinin dul kişisi Pirqulu

gözaltı eləmişdi lal ördəkləri.

Çilov adasında

həyətində qan rəngli payız gülləri -

at ağızlı dərdlərini bətnində böyüdürdü

şəhid anası Nataşa Kiselyova.

lll

Ağ zolaqlı yol kimi göründü ilbizlərlə

qarışqaların iz saldığı göy dəniz.

Havalıydı dənizçi - ayağında şəpşəpi

özünü göstərirdi göyərtədə kiməsə

əlində yaş süpürgə sürüyürdü dalınca,

kapitan köməkçisi

papağının dimdiyini basmışdı

gözünün üstünə,

o qədər hərəkətsiz oturmuşdu elə bil

qarnını eyvan kimi çıxarmışdı gödəndən,

hörümçək toru vardı bəbəklərində

gəminin fit səsində dalğağalanırdı ümid,

arzular xumar-xumar yırğlanırdı dünən.

12 fevral...

(kəndə giley)

səni milyon kərə yuxuda gördüm

ay doğma kəndim - Üdgünüm,

göyündə göyü gördüm,

yerində yeri gördüm,

əlim yerdən üzülmüş,

əlim göydən üzülmüş,

Allahın ətəyindən yapışdım ikiəlli

sonunda neçə ildi -

gecəli

gündüzlü

ulduz sayı,

ay sayı, 

Günəş sayı yaşadım, Vətən.

Yaşadım,

özgə kimi yaşadım

doğma eli

qərib ölkə kimi yaşadım, Vətən.

Toy vurdurdum üç kərəm,

Amma yasımın sayı...

Qatla barmağını, say görüm

Atam, Anam...

bu beşim, bu onum

Sonunda qarım,

Qohum-qayım, qonum-qonşum,

Kəndlim, ellim -

hesabı yox itiklərimin,

hələ desəm, şəhid olmuş neçə arzum...

lll

Torpaq qolları bağlı

qandalı ümid Vətən

Hanı daşı, torpağı, damı kirəmid vətən

Çayları boz-bulanıq, torpağı quraq

Qobuları azsulu, yalı-yamacı batıq

Qayaların qaşında salamat yer də yoxdu,

Bağlarında çürümüş barın-bəhərin, Vətən,

Uzaqlarda kişnəyir atın-kəhərin, Vətən.

Qatlanmış süfrədə yuxa çörək kimisən,

27 il sonra da qonaq zəvvar kimiyəm, 

Sənin ziyarətinə gəlmişəm, Vətən,

nə çox zəifləmisən,

çox gec qaldım bağışla, Vətən.

Torpaq sanı yaşa görüm

Torpaqsız ola-ola.

Ölüm istə yüz kərə

Bir qorxulu nağıla inandır özünü -

Sənsiz ölüm

Urvasız, dənsiz ölü dəyirman kimidi

bu yaşda ölüm

ölüm deyil ki, Vətən.

Bu qorxulu nağıl deyil,

Uşaq kimi inanım,

Yaşa, yaşa gözəl ömrü, Vətən.

Adına layiq yaşadım

Adına layiq daşıdım

bu bəndəlik mundiri, Vətən,

Mən ölü, sən diri, Vətən!..

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
525.az

1Mənbələr