AZ

Ucuz ət alarkən diqqətli olun

Son vaxtlar regionlarda yayılan dabaq xəstəliyinə görə ətin qiymətində müəyyən qədər artım müşahidə olunur. Lakin bəzi yerlərdə daha ucuz ət satıldığı barədə iddialar var. Məlumata görə, bu ətlər xaricdən gətirilir. Bəs həmin ətlər sağlamlıq üçün təhlükəli sayıla bilər?Qida eksperti İlkin Şirinov Metbuat.az-a açıqlamasında bildirib ki, idxal olunan ətlərlə bağlı əsas məsələ bu ətlərin keyfiyyəti və nəzarət mexanizmlərinin düzgün həyata keçirilməsidir: "Xaricdən gətirilən ətlərin mənşə ölkəsində, yəni ətin gəldiyi ölkədə heyvan sağlamlığına dair rəsmi sertifikatların mövcud olması vacib şərtdir. Bununla yanaşı, kəsim, emal, qablaşdırma proseslərinə və onların rəsmi qeydiyyatına da ciddi nəzarət olunmalıdır. Hər idxal partiyasının özünə məxsus sənədləri və sanitar-baytarlıq nəzarəti haqqında sertifikatları olmalıdır. İdxal edilən ətlərin əksəriyyəti buzlu (dondurulmuş) şəkildə gətirilir. Ona görə də bu ətlərin satışı da eyni şəraitdə - soyuducularda həyata keçirilməlidir. Ət əvvəlcə dondurulub, sonra əridilib və yenidən dondurularaq satışa çıxarılarsa, bu, problemlərinə səbəb ola bilər. Hər idxal partiyası üzrə mənşə, emal tarixi, daşınma şərtləri və sertifikat məlumatları izlənilə bilən şəkildə təqdim olunmalıdır. Bu, həm etiketlənmə, həm də izlənmə mexanizmlərinin düzgün qurulmasını tələb edir ki, müştəri ilə satış nöqtəsi arasında hər hansı boşluq yaranmasın".Ekspert qeyd edib ki, idxal olunan ətlər üçün gömrük bəyannamələri, baytarlıq şəhadətnamələri, keyfiyyət və qida təhlükəsizliyi sertifikatları hər partiya üzrə ayrıca təqdim edilməlidir:"Bütün sənədlər Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tam məsuliyyətlə yoxlanıldıqdan sonra verilməlidir. Bu, həm istehlakçının hüquqlarının qorunması, həm də satış nöqtələrinin məsuliyyət daşıması baxımından vacibdir. Çünki müştəri üçün əsas məsələ məhsulun sertifikatının hansı qurum tərəfindən verildiyi deyil, aldığı ətin keyfiyyəti, qoxusu, rəngi və s-dir. Hər hansısa problem olanda artıq müştəri marketi tanıyır və ora şikayət edir. Əsas məsələ məhsulun satışını uyğun şərtlərlə həyata keçirməkdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
10
1
metbuat.az

2Mənbələr